Tarixin ən böyük iflasları | Banco.az

Tarixin ən böyük iflasları

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadi tarixdə bir sıra şirkətlərin iflası qlobal maliyyə bazarlarına və milyonlarla insanın həyatına təsir göstərib. Bu məqalədə ən böyük dörd iflasın səbəbləri və nəticələri haqqında qısa məlumat hazırladıq.

Lehman Brothers (2008)

Qlobal maliyyə xidmətləri şirkətinin 639 milyard dollarlıq aktivlərlə iflası ABŞ tarixində ən böyük iflas elan olunub. Şirkət ipoteka böhranı və riskli kreditlər səbəbindən çökmüşdü. Bu hadisə qlobal maliyyə böhranını dərinləşdirərək dünya iqtisadiyyatında zəncirvari təsirlər yaratmışdı.

Washington Mutual (2008)

307 milyard dollarlıq aktivlərlə ABŞ-ın ən böyük bank iflasıdır. Bank ipoteka bazarındakı riskli sərmayələr və likvidlik çatışmazlığı səbəbindən Federal Depozit Sığorta Korporasiyası tərəfindən nəzarətə götürüldü və JPMorgan Chase-ə satıldı.

WorldCom (2002)

Telekommunikasiya şirkəti maliyyə hesabatlarını saxtalaşdıraraq aktivlərini çox göstərirdi. Bu skandal nəticəsində minlərlə insan işini itirdi. Bu hadisə ABŞ-da korporativ hesabatlılıq qanunlarının sərtləşməsinə, o cümlədən Sarbanes-Oxley Aktının qəbuluna səbəb oldu.

General Motors (2009)

Yüksək istehsal xərcləri, dəyişən bazar tələbləri və artan yanacaq qiymətləri şirkəti çöküşə apardı. Lakin ABŞ hökuməti müdaxilə edərək şirkəti xilas etdi və avtomobil sənayesində struktur dəyişikliklər baş verdi. Yenidənqurmadan sonra GM iflasdan çıxdı və gəlirliliyə qayıtdı. ABŞ iş yerlərini və ümumi iqtisadiyyatı qorumaq üçün böyük maliyyə yardımı ilə prosesi dəstəklədi.

Bu iflaslar göstərir ki, risklərin düzgün idarə olunmaması, maliyyə şəffaflığının pozulması, çevik biznes modelinin olmaması şirkətləri ən böyük güclərindən belə məhrum edə bilər. İflaslar yalnız şirkətlərə deyil, həm də işçilərə, səhmdarlara və bütöv iqtisadi sistemlərə ciddi təsir göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram