Rusiya tənəzzülün astanasında olduqlarını bəyan edib | Banco.az

Rusiya tənəzzülün astanasında olduqlarını bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu (SPIEF) çərçivəsində keçirilən "İqtisadiyyata dair təkliflər" adlı paneldə çıxış edib.

Banco.az xəbər verir ki, Rusiya iqtisadiyyatının ilk rübdə güclü göstəricilər nümayiş etdirməsinə baxmayaraq, investisiya artımının yavaşladığını qeyd edən Reşetnikov bildirib: “Mövcud faiz dərəcələrinin təkcə kreditlə yeni layihələrə başlamağı deyil, həm də fondlara investisiya qoyuluşunu ciddi şəkildə əngəllədiyini görürük.”

Reşetnikov, hazırkı faiz dərəcələrinin təsiri ilə Rusiya iqtisadiyyatının soyuma mərhələsinə daxil olduğunu vurğulayaraq əlavə edib: “Rəqəmlərə baxdıqda soyuma müşahidə olunur, lakin bu göstəricilər geridən gəlir. Biz hazırda biznes dünyasının vəziyyətinə və göstəricilərinə baxanda düşünürəm ki, tənəzzülün astanasındayıq.”

Reşetnikov bu fikrinin bir proqnoz deyil, sadəcə mövcud vəziyyətə dair qiymətləndirmə olduğunu bildirərək deyib: “Sadəcə düşünürəm ki, hazırda tənəzzül həddindəyik. Bundan sonrakı proseslər isə verəcəyimiz qərarlardan asılı olacaq.”

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 6 iyun tarixində keçirilən iclasda 2022-ci ilin sentyabrından bəri ilk dəfə siyasət faizini azaldaraq 21 faizdən 20 faizə endirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram