Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Ticarət Təşkilatı (DTT) 2025-ci ilin birinci rübünə dair qlobal ticarət göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, məlumata görə, dünya üzrə mal ticarətinin həcmi ilin ilk üç ayında əvvəlki rüblə müqayisədə 3,6 faiz, illik əsasda isə 5,3 faiz artıb.
ABŞ-ın 2 aprel tarixində elan etdiyi qarşılıqlı gömrük tarifləri qərarından əvvəl idxalçılar daha yüksək vergilərdən yayınmaq məqsədilə alışlarını önə çəkiblər. Bu hal xüsusilə Şimali Amerikada idxal tələbinin artmasına və nəticə etibarilə qlobal ticarət həcminin güclü şəkildə yüksəlməsinə səbəb olub.
Hesabata əsasən, idxaldakı artım bölgələr arasında fərqlilik göstərib. Şimali Amerika 13,4 faizlə idxalda ən yüksək artımı qeydə alıb. Bu bölgəni 5,1 faizlə Afrika, 3,6 faizlə Cənubi və Mərkəzi Amerika ilə Karib hövzəsi izləyib.
Orta Şərqdə idxal həmin dövrdə 3 faiz artıb, Avropada isə bu göstərici 1,3 faiz, Asiyada isə 1,1 faiz olub.
İxrac baxımından isə ən güclü artım 6,3 faizlə Orta Şərqdə baş verib. Asiyanın ixracı 5,6 faiz, Cənubi Amerikanın 3,2 faiz, Afrikanın 2,5 faiz, Şimali Amerikanın isə 1,8 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!