Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal qızıl tələbi 9 ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, Dünya Qızıl Şurası 2025-ci ilin birinci rübünə dair "Qızıl Tələbatı Tendensiyaları" hesabatını yayımlayıb.
Hesabata əsasən, qlobal qızıl tələbatı bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 1206 ton olub. Beləliklə, birinci rübdəki qızıl tələbatı 2016-cı ildən bəri qeydə alınan ən yüksək birinci rüb səviyyəsinə çatıb.
Bu dövrdə qızıl qiymətlərinin artmasında qızıl birja investisiya fondlarına (ETF) axınlar mühüm rol oynayıb.
Mərkəzi bankların qızıl alışları birinci rübdə əvvəlki rüblə müqayisədə zəifləyib. Bu dövrdə mərkəzi banklar ümumilikdə 243,7 ton qızıl alıblar.
Əvvəlki rübdə 344,7 ton olan investisiya məqsədli qızıl alışı isə bu rübdə 551,9 tona yüksəlib.
Sikkə və külçə qızıl alışı isə 325,4 tona çatıb.
Rekord səviyyəli qiymət mühiti fonunda qızıl zinət əşyalarına olan tələbat isə kəskin azalıb. Zinət əşyaları üçün istifadə olunan qızıl miqdarı COVID-19 pandemiyası dövründəki durğunluqdan sonra qeydə alınan ən aşağı səviyyəyə düşüb.
2025-ci ildə qızıl qiymətləri rekord səviyyələrə çatıb. Birinci rübdə qızılın orta qiyməti illik əsasda 38 faiz artaraq 2860 ABŞ dollarına yüksəlib.
Qızıl qiymətlərinin artmasının əsas səbəbləri kimi ABŞ-ın tarif qərarları, geosiyasi qeyri-müəyyənlik, birjaların dəyişkənliyi və zəif dollar göstərilir.
Bizi sosial şəbəkələrdən izləyin!!