Müəllif: Tamara Mustafayeva, Banco.az
“Dun & Bradstreet” tərəfindən açıqlanan "Qlobal İflas Hesabatı" 2024-cü ildə qlobal korporativ iflasların son 12 ilin ən yüksək səviyyəsinə çatdığını ortaya qoyub.
Banco.az xəbər verir ki, hesabat “Dun & Bradstreet Worldwide Network” (WWN) üzvlərinin 47 ölkədən topladığı əhatəli məlumatlar əsasında “Dun & Bradstreet”in təcrübəli iqtisadçıları tərəfindən hazırlanıb.
Hesabata görə, Ukrayna, Polşa, Fransa, Kanada, Səudiyyə Ərəbistanı, İndoneziya və Avstraliyada şirkət iflasları son dörd ildə illik olaraq 20 faizdən çox artıb. Rusiya ilə müharibənin davam etdiyi Ukrayna, 2024-cü ildə əvvəlki illə müqayisədə şirkət iflaslarında 126 faizlə rekord səviyyədə artım göstərərək araşdırılan ölkələr arasında birinci yerdə qərarlaşıb. 2024-cü ildə şirkət iflaslarında əvvəlki ilə nisbətən 40 faiz artım olan Sinqapur ikinci sırada, 39 faiz artımla Belarus isə üçüncü sırada yer alıb.
Hesabata əsasən, 2024-cü ildə əvvəlki ilə nisbətən şirkət iflasları Avstraliyada 37 faiz, Kanadada və Rumıniyada 35 faiz, Niderlandda 30 faiz, İspaniyada 26 faiz, Lüksemburq və İsveçdə 24 faiz, Almaniyada 22 faiz, İtaliyada isə 20 faiz artıb.
2023-cü ildə əvvəlki ilə görə şirkət iflaslarında 79 faiz artımla ən yüksək nisbətə çatan ABŞ-də isə 2024-cü ildə şirkət iflaslarında artım 6 faizlə məhdud qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!