Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal iqtisadiyyat artımını davam etdirsə də, geosiyasi gərginliklər, yüksək borclanma və sərt pul siyasəti fonunda inkişaf tempi zəifləyir.
Banco.az xəbər verir ki, beynəlxalq təşkilatların proqnozlarına əsasən, 2026-cı ildə dünya iqtisadiyyatının artım tempinin 2,5–3% intervalında olacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal artımı 3%, Dünya Bankı 2,5%, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) isə 2,9% səviyyəsində proqnozlaşdırır.
İqtisadi artıma təzyiq göstərən əsas amillərdən biri yüksək faiz dərəcələridir. İnflyasiya ilə mübarizə məqsədilə tətbiq edilən sərt pul siyasəti kreditləri bahalaşdırır, istehlak və investisiya fəallığını zəiflədir.
Digər mühüm risk geosiyasi gərginliklər və qlobal ticarətdəki fasilələrdir. Müharibələr, sanksiyalar və enerji təchizatındakı problemlər istehsal xərclərini artırır, təchizat zəncirlərinin yenidən qurulmasını zəruri edir.
Bununla yanaşı, yüksək dövlət və özəl sektor borcları iqtisadiyyatların maliyyə imkanlarını məhdudlaşdırır. Xüsusilə inkişaf etməkdə olan ölkələr güclü dollar, valyuta dəyişkənliyi və xarici borclanma xərclərinin artması qarşısında daha həssasdır.
Ekspertlərin qiymətləndirməsinə görə, qarşıdakı dövrdə qlobal iqtisadiyyat üçün iki əsas ssenari mümkündür: artımın tədricən zəiflədiyi nəzarətli keçid və ya geosiyasi risklər, yüksək borc və sərt pul siyasətinin təsiri ilə daha ciddi iqtisadi yavaşlama.
