Neft qiymətləri ABŞ-də ehtiyatların azalması fonunda yüksəlib | Banco.az

Neft qiymətləri ABŞ-də ehtiyatların azalması fonunda yüksəlib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft qiymətləri ABŞ-da xam neft ehtiyatlarının azalmasının təsiri ilə 2 dollardan çox bahalaşıb.

Banco.az xəbər verir ki, Brent neftinin qiyməti 3,2% artaraq 86,80 dollar, ABŞ xam nefti (WTI) isə 3,4% bahalaşaraq 81,95 dollar olub.

Bazar mənbələrinin ABŞ Neft İnstitutunun (API) məlumatlarına istinadən verdiyi xəbərə görə, iyulun 24-də başa çatan həftədə ABŞ-də xam neft ehtiyatları təxminən 3,3 milyon barel azalıb. Eyni dövrdə benzin ehtiyatları 918 min barel, distillə məhsullarının ehtiyatları isə 355 min barel artıb. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) rəsmi ehtiyat məlumatlarını gün ərzində açıqlaması gözlənilir.

Qiymətlər çərşənbə axşamı ABŞ və İran arasında münaqişənin sona çatdırılması ilə bağlı danışıqların yenidən başlaya biləcəyi gözləntiləri fonunda təxminən 5% azalaraq son iki həftənin ən aşağı səviyyəsinə düşmüşdü. ABŞ Prezidenti Donald Tramp İranla “müsbət danışıqlar” aparıldığını desə də, danışıqların uğursuz olacağı təqdirdə yeni hücumların mümkünlüyü barədə xəbərdarlıq edib. İran isə ABŞ ilə danışıqlara yenidən başlamaq niyyətində olduğu barədə xəbərləri təkzib edib.

Digər tərəfdən, Oman İran tərəfinə Hörmüz boğazının idarə olunması ilə bağlı yeni plan təqdim edib. Körfəz ölkələrinin dəstəklədiyi plana əsasən, boğazdan istifadə edən gəmilərdən könüllü keçid haqqının alınması təklif olunur. Məqsəd müharibə səbəbindən pozulan Hörmüz boğazındakı ticarətin yenidən normallaşmasına şərait yaratmaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram