Neft Fondunun aktivləri 55 milyard dollara yaxınlaşıb | Banco.az

Neft Fondunun aktivləri 55 milyard dollara yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-ci ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 12% artaraq 54 915,1 milyon ABŞ dolları təşkil edib.

Banco.az Neft Fonduna istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11 701,4 milyon manat, büdcə xərcləri isə 2 680,8 milyon manat təşkil edib.

Məlumata görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 854,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 3 077,1 milyon manat təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 977,6 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 2 661,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,0 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram