Mövsümi meyvələr niyə bahadır? | Banco.az

Mövsümi meyvələr niyə bahadır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yay mövsümündə meyvə bolluğu olsa da, bazarlarda bəzi mövsümi meyvələrin yüksək qiymətə satılması istehlakçıların narazılığına səbəb olur. Halbuki bu dövrdə məhsulun bol olması qiymətlərin daha əlçatan olacağı gözləntisini yaradır. Lakin qiymətlər yüksək olaraq qalır.

Mövsümündə yetişən meyvələr niyə bahadır?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Banco.az-a açıqlamasında bildirib ki, mövsümi meyvələrin bazarlarda və marketlərdə bol olmasına baxmayaraq, bahalı satılmasının bir neçə səbəbi var:

"İlk növbədə məhsulun istehsalçıdan son istehlakçıya çatana qədər keçdiyi mərhələlərdə yaranan əlavə xərclər qiymətlərə təsir edir. Daşınma, saxlanma, qablaşdırma, icarə və əməkhaqqı xərclərinin artması satış qiymətinin yüksəlməsinə səbəb olur.

Bundan başqa, məhsulun tarladan çıxış qiyməti ilə pərakəndə satış qiyməti arasında vasitəçilərin mövcudluğu da qiymət fərqini artırır. Bəzi hallarda fermer məhsulu nisbətən ucuz qiymətə satsa da, istehlakçı onu bir neçə dəfə baha qiymətə almaq məcburiyyətində qalır".

Akif Nəsirlinin sözlərinə görə, qiymətlərə hava şəraiti və məhsuldarlıq da təsir göstərir: "Mövsüm ərzində bazarda məhsul çox olsa belə, əvvəlki aylarda baş vermiş quraqlıq, dolu və ya digər təbii amillər məhsulun maya dəyərini yüksəldə bilər. Bundan əlavə, bəzi məhsulların ixracının artması daxili bazarda təklifin azalmasına və qiymətlərin yüksək qalmasına səbəb olur.

Normal bazar şəraitində məhsul bolluğu qiymətlərin müəyyən qədər aşağı düşməsinə gətirib çıxarmalıdır. Lakin xərclərin artması, logistika problemləri, vasitəçilərin çoxluğu və bazardakı rəqabət mühitinin xüsusiyyətləri nəticəsində mövsümi meyvələrin qiymətləri gözlənildiyi qədər ucuzlaşmaya bilər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram