Məzənnə müəmması | Banco.az

Məzənnə müəmması

"Valyutadəyişmə məntəqələrində dolların məzənnəsinin rəsmi göstəricidən xeyli baha satılması qanun pozuntusu deməkdir". 

Bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, belə hallarda AMB inzibati yollardan istifadə etməlidir. 

Mütəxəssis hesab edir ki, qanun pozuntusuna görə, hətta valyutadəyişmə məntəqələrinin lisenziyası da alına bilər: "Bu lisenziya məntəqələrə banklar tərəfindən, banklara isə AMB-dən verilir. Əgər dolların məzənnəsində həddən artıq artım varsa bunun qarşısı alınmalıdır. 

Hazırda qüvvədə olan normativ aktlara görə, valyuta dəyişmə məntəqələrində xarici valyutanın alış-satış kursu AMB-nin rəsmi məzənnəsindən maksimum 2% fərqlənə bilər. 
Başqa sözlə, valyutadəyişmə məntəqələrində xarici valyuta AMB-nin rəsmi məzənnəsindən maksimum 2% ucuz və 2% baha satıla bilər. Ancaq bəzi valyutadəyişmə məntəqələrində məzənnə nəzərdə tutulandan yüksək həddə satılır. 

Xatırladaq ki, Mərkəzi Bank 23 fevral 2015-ci il tarixdə aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarlanmış və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.

AMB-dən bildirilib ki, valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdirilir, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görülür.

anspress.com