Müəllif: Tamara Mustafayeva, Banco.az
Maskın rəqəmsal pul kisəsi “X Money” istifadəyə verilir.
Banco.az xəbər verir ki, İlon Mask ABŞ-da ödənişli “X” abunəçiləri üçün rəqəmsal pul kisəsi funksiyasını yerinə yetirəcək “X Money” tətbiqini istifadəyə verir.
İstifadəçilər dərhal “Apple Pay”ə əlavə edə biləcəkləri “X Visa” bank kartı əldə edəcəklər. Bu kart vasitəsilə tətbiq daxilində heç bir komissiya və ya limit olmadan ani şəxsi pul köçürmələri həyata keçirmək mümkün olacaq. Bundan əlavə, “X Money”nin açıqlamasına görə, istifadəçilər xarici əməliyyat komissiyası tutulmayan və dünyanın müxtəlif ölkələrindəki bankomatlardan ödənişsiz nağd vəsait çıxarmağa imkan verən fiziki “X Visa” bank kartını da əldə edə biləcəklər.
“X Money” istifadəçiləri alış-verişlərdən 3 faizə qədər nağd geriödəniş qazana biləcəklər
“X Money” bildirib ki, istifadəçilər müəyyən alış-verişlər zamanı 3 faizə qədər nağd geriödəniş əldə edə biləcəklər. Həmçinin birbaşa əməkhaqqı və ya digər ödənişlərin köçürülməsini bu hesaba yönləndirən istifadəçilər vəsaitlərinə bir neçə gün daha tez çıxış imkanı qazanacaqlar.
Rəqəmsal pul kisəsi kimi fəaliyyət göstərən “X Money” istifadəçilərə platformanı tərk etmədən bir-birlərinə ani pul köçürmələri etməyə imkan verəcək. Şirkət “X” hesabları arasında pul köçürmələrinin tamamilə ödənişsiz və limitsiz olacağını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
