Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır. Bu, vətandaşların işsizlik zamanı bank qarşısında öhdəliklərinin yüngülləşməsinə gətirib çıxaracaq.
Mərkəzi Bank bu məhsul üzrində iş getdiyini açıqlayıb. Banco.az mövzu ilə bağlı sığorta eksperti Şahin İsmayılovun fikirlərini öyrənib:
"Məlum olduğu kimi, artıq bir müddətdir, kredit götürənlərin həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası tətbiq edilir. Bu sığorta məhsulunun tətbiq olunması banklar üçün yeni perspektivlər yaratdı. Çünki bu sığorta məsulu olmadan kredit götürən şəxs müəyyən səbəblərdən ödəniş qabiliyyətini itirdikdə banklarla vətəndaşlar arasında böyük problemlər yaşanırdı.
Belə bir yeniliyin tətbiqindən sonra kreditin qalıq məbləğinin ödənişi artıq sığorta şirkətlərinin öhdəliyinə çevrilir və vətəndaş-bank qarşıdurması aradan qalxmış olur. Amma bu məhsul vətəndaşın işini itirməsi halına təminat vermir".
Ekspertin sözlərinə görə, indi məlum olur ki, Mərkəzi Bank artıq kredit götürən şəxslərin işsiz qalması halından sığortası məhsulu üzərində iş aparır: "Yəni, vətəndaş kredit götürdükdən sonra işini itirərsə, növbəti iş tapana qədər, borcalanın kredit üzrə öhdəliklərini sığorta şirkətləri öz üzərinə götürəcək.
Əlbəttə, belə bir sığorta məhsulunun olması banklar üçün yeni fürsətlər yaradır və onları qarşılaşa biləcəkləri bir problemdən də xilas edir.
Amma bu məsələdə bəzi suallar yaranır. Aydın məsələdir ki, vətəndaş müxtəlif səbəblərdən işini itirə bilər. İntizamsızlıq nəticəsində, öz xahişi ilə işdən uzaqlaşa, yaxud ixtisara düşə bilər. Bunun kimi bir çox səbəblər ola bilər. Sual yaranır ki, bu halların hansında sığorta şirkətləri öhdəliyi yerinə yetirəcək? Yaxud hansı müddət ərzində sığorta şirkəti ödənişləri ödəməkdə davam edəcək? Vətəndaş bir aya da iş tapa bilər, beş aya da. Yaxud heç işləmək istəməz. Yaxud yeni tapdığı işdə əməkhaqqı aşağı ola bilər və bank qarşısında öhdəliyini yerinə yetirmək onun üçün çətinlik törədə bilər. Yəqin ki, Mərkəzi Bank yeni məhsulu hazırlayarkən bu suallar ətrafında açıqlama verəcək".
Ş. İsmayılov vurğulayıb ki, ümumilikdə götürdükdə isə Mərkəzi Bankın bu təşəbbüsü təqdirəlayiqdir və banklar üçün kredit siyasətinin inkişafında yeni perspektivlər aça bilər.
.jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
