Kanada ABŞ-ın polad tariflərinə qarşı yeni tədbirlərə başlayıb | Banco.az

Kanada ABŞ-ın polad tariflərinə qarşı yeni tədbirlərə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanadanın baş naziri Mark Karni ABŞ-ın ölkəsinin polad sektoruna tətbiq etdiyi rüsumların ardınca sektoru qorumaq üçün yerli istehsalın artırılması üçün investisiyaların ediləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Karni keçirdiyi mətbuat konfransında Kanadanın bundan sonra öz polad istehsalına üstünlük verəcəyini bildirib və əlavə edib: “Kanada olaraq bu inkişaflardan (ABŞ-ın gömrük tarifləri) ən çox təsirlənən ölkələrdən biri olacağıq. Zamanla əsas müştərimiz olan ABŞ-dan həddindən artıq asılı vəziyyətə düşdük. İxracımızın 90 faizindən çoxu ABŞ-a gedir.”

Karni atılan bu addımın ABŞ-a olan iqtisadi asılılıqdan uzaqlaşmaq baxımından əhəmiyyətli bir dönüş olduğunu vurğulayıb və bu istiqamətdə bəzi qanunverici dəyişikliklərə də gedəcəklərini qeyd edib.

Karni bildirib ki, idxal kvotalarında ediləcək dəyişikliklər ayın sonunda qüvvəyə minəcək, lakin ABŞ ilə mövcud ticarət qaydalarında dəyişiklik nəzərdə tutulmur. “Hazırda iki tərəf arasında razılaşma üçün danışıqlar davam edir. Kanada maraqları naminə ən yaxşı razılaşmanı əldə etməyə çalışırıq”, – deyə o bildirib.

“Bu tarixi dönüş nöqtəsində Kanada artıq asılılıqdan dayanıqlılığa keçir”, – deyə Karni əlavə edib və bildirib: “Artıq biz özümüzə, hər hansı xarici hökumətin əlimizdən ala biləcəyindən qat-qat artıq dəyər veririk.”

Ayın sonunda qüvvəyə minəcək yeni tənzimləməyə əsasən, Azad Ticarət Sazişi (ATS) olmayan ölkələrdən idxal edilən polad üçün kvota 2024-cü il səviyyəsinin 50 faizinə endiriləcək, bu həddi aşan idxallara isə 50 faiz gömrük rüsumu tətbiq olunacaq.

Bundan əlavə, yerli istehsalı stimullaşdırmaq məqsədilə Kanada hökuməti polad sənayesinə 1 milyard Kanada dolları məbləğində dəstək verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram