Müəllif: Tamara Mustafayeva, Banco.az
İtaliya “Apple” şirkətini təxminən 100 milyon avro cərimələyib.
Banco.az xəbər verir ki, İtaliya Rəqabət Qurumu (Antitrust-AGCM) mobil tətbiq bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə “Apple” şirkətinə 98,6 milyon avro məbləğində inzibati cərimə tətbiq edib.
Antitrust Qurumu tərəfindən yayımlanan yazılı açıqlamada bildirilib ki, “Apple Inc.”, “Apple Distribution International Ltd.” və “Apple Italia S.r.l.” şirkətlərinin mobil tətbiq bazarındakı hakim mövqelərindən sui-istifadə etdikləri əsas gətirilərək onlara ümumilikdə 98 milyon 635 min 416 avro cərimə kəsilib.
Açıqlamada qeyd olunur ki, “İtaliya Rəqabət Qurumu Avropa Komissiyası, digər milli rəqabət orqanları və İtaliya Məlumatların Qorunması Qurumu ilə koordinasiya şəraitində apardığı mürəkkəb araşdırma çərçivəsində “Apple” şirkətinin 2021-ci ilin aprel ayından etibarən iOS mobil əməliyyat sistemi üçün “App Store” vasitəsilə paylanan tətbiqlərin üçüncü tərəf inkişaf etdiricilərinə tətbiq etdiyi Tətbiq İzləmə Şəffaflığı (ATT) adlı məxfilik qaydalarının rəqabəti məhdudlaşdırıcı xarakter daşıdığına qərar vermişdir”.
Antitrust-ın açıqlamasında vurğulanıb ki, “Apple” “App Store” vasitəsilə fəaliyyət göstərdiyi bazarda həddindən artıq dominant mövqeyə malikdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
