İşçini şirkətə bağlayan strategiyalar – Mütəxəssis rəyi | Banco.az

İşçini şirkətə bağlayan strategiyalar – Mütəxəssis rəyi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Müasir iş mühitində rəqabətin yüksək olduğu şəraitdə işçi bağlılığı şirkətlərin ən önəmli üstünlüklərindən biri hesab olunur.

İşçilərin öz vəzifələrinə sevgi və bağlılıq hissi ilə yanaşması onların motivasiyasını artırır, məhsuldarlıq səviyyəsini yüksəldir və ümumi iş mədəniyyətini gücləndirir.

Banco.az xəbər verir ki, bu mövzu ilə bağlı İnsan resursları üzrə mütəxəssis Azər Əhmədov düşünür ki, işçilərin şirkətə bağlılığını artırmaq üçün müəyyən strategiyaların tətbiqi mütləqdir. Bu yanaşmalar həm işçi məmnuniyyətini, həm də şirkətin ümumi uğurunu təmin edə bilər.

"İşçilərin öz iş yerlərinə bağlılığı hər bir şirkətin uğurunda həlledici rol oynayır. Əməkdaşlar öz işlərini sevərsə, daha məsuliyyətli, məhsuldar və aktiv olurlar. İşçilər öz rollarının şirkət üçün vacibliyini başa düşməlidirlər. Onlar gördükləri işin dəyərini dərk etdikdə, işlərinə daha məsuliyyətli yanaşırlar. Sağlam rəhbərlik münasibətləri işçilərdə güvən hissi yaradır və onların işə həvəsini artırır. Rəhbərlər işçilərinə anlayış və dəstək göstərməlidir. İşçilərin zəhmətini tanımaq və qiymətləndirmək vacibdir. Feedback vermək və təşəkkür ifadə etmək onların motivasiyasını artırır."

İnkişaf imkanlarının yaradılması barədə danışan mütəxəssis qeyd edib ki, monoton iş rejimi işçilərin yorulmasına və passivləşməsinə səbəb ola bilər:

“İşçiləri təlimlərə cəlb etmək, onları inkişaf etdirən fəaliyyətlər təşkil etmək vacibdir. İşçilər şirkətdə əməyinin dəyərləndirildiyini görərsə, uzun müddət şirkətdə qalmağa meyilli olarlar. Bu, həm onların fərdi inkişafına, həm də şirkətin uğuruna töhfə verir.

Bir sözlə effektiv idarəetmə yanaşmaları işçilərin şirkətə bağlılığını artırır və onların motivasiyasını gücləndirir. Bu, işçi məmnuniyyəti ilə yanaşı, şirkətin ümumi nəticələrini də müsbət yöndə dəyişir”.