Avrozonada inflyasiya proqnozlaşdırılandan yuxarıdır | Banco.az

Avrozonada inflyasiya proqnozlaşdırılandan yuxarıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya proqnozlaşdırılandan yuxarıdır.

Banco.az xəbər verir ki, Avrozonada inflyasiya hədəfin üzərində qalmağa davam edir. Əsas (baza) inflyasiya — yəni ərzaq və enerji kimi dəyişkən kateqoriyalar çıxılaraq hesablanan göstərici — apreldə gözləntiləri aşaraq 2,7 faizə yüksəlib.

Region daxilində fərqli trendlər müşahidə olunub: Almaniya və Fransada inflyasiya azalarkən, İtaliya və İspaniyada sabit qalıb. Ən çox aylıq artım 0,7 faizlə Niderland və 0,6 faizlə Latviyada baş verib. Ən yüksək illik inflyasiya isə Estoniyada 4,4 faizlə qeydə alınıb.

Avropa Mərkəzi Bankı (ECB) bu il üçün inflyasiya hədəfini 2 faizdən aşağı olaraq müəyyən edib. Bank rəhbəri Kristin Laqard bu hədəfə “yaxın olduqlarını” bildirib. ECB baş iqtisadçısı Filip Leyn isə resessiya gözləmədiklərini, lakin iqtisadi fəallığın zəifləyə biləcəyini, çünki “investisiyalar azalır və istehlakçılar alışları təxirə salır” deyə vurğulayıb.

Hazırkı qeyri-müəyyən qlobal və regional iqtisadi vəziyyət fonunda, ECB-nin iyun toplantısında inflyasiya göstəricilərinə daha az önəm verəcəyi ehtimal olunur.

Bloomberg Economics isə bildirir ki, Çin mallarının ABŞ-ın yeni tarifləri səbəbilə ixracında yaranan çətinliklər Avrozonada istehlakçı qiymətlərini 0,5-1,5 faiz arasında aşağı sala bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram