Müəllif:Mehin Qasımova,Banco.az
Müharibələr, artan dövlət borcu və siyasi qeyri-müəyyənlik investorların qızıllarını Sinqapurda saxlamağa marağını artırıb.
Banco.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, ABŞ, Avropa və Yaxın Şərqdən olan investorlar aktivlərini şaxələndirmək və təhlükəsiz saxlamaq məqsədilə qızıl ehtiyatlarını Sinqapura köçürürlər.
Qiymətli metallar üzrə ixtisaslaşmış J. Rotbart & Co. şirkətinin hesablamalarına əsasən, Sinqapurda özəl qızıl ehtiyatları 2014-cü ildən bəri təxminən 16 dəfə artaraq 2025-ci ildə 800 metrik tonu ötüb. Artımın əhəmiyyətli hissəsi Avropadan idxal edilən qızılın hesabına baş verib.
Digər tərəfdən, Silver Bullion şirkətinin müştərilərinə məxsus qızıl ehtiyatları 2020-ci ilin əvvəlindən bəri üç dəfə artaraq 2026-cı ilin sentyabrında 8,6 tona çatıb. Bu qızılın təxminən 90%-i xarici müştərilərə məxsusdur.
Qızıl saxlama və ticarəti ilə məşğul olan şirkətlər də tələbatın artdığını bildirirlər. J. Rotbart & Co. son bir ildə Qərb ölkələrindən onlayn müraciətlərin üç dəfə artdığını, Indigo Precious Metals isə varlı Avropa və ABŞ investorlarının qızıla marağının təxminən 25% yüksəldiyini qeyd edib.
Sinqapur hökuməti artan maraqdan istifadə edərək ölkəni Asiyanın aparıcı qızıl ticarət mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Bunun üçün yeni infrastruktur və qızıl saxlama xidmətləri inkişaf etdirilir. Ölkə bu sahədə Honkonqla rəqabət aparır.
Bununla belə, Sinqapura qızıl axını qlobal bazarın ümumi həcmi ilə müqayisədə məhdud olaraq qalır. Ölkənin qızıl idxalı 2026-cı ilin avqustunda 171 tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% çoxdur.
