Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərə Bankı faiz dərəcəsi qərarını açıqlayıb.
Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı qərarını açıqlayıb. Bank fevral ayı üzrə iclasında əsas faiz dərəcəsini 3,75 faiz səviyyəsində dəyişməz saxlayıb. Qərar 4 səsə qarşı 5 səslə qəbul olunub.
“Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntiləri də faiz dərəcələrinin dəyişdirilməməsi istiqamətində olub.
Beləliklə, əsas faiz dərəcəsi son üç ilin ən aşağı səviyyəsində qalıb. Bankın proqnozlarına görə, inflyasiya aprel ayında 2 faiz hədəfinə geri dönəcək və bundan sonra 2027-ci ilin böyük hissəsində bu səviyyədən aşağı olacaq.
Pul Siyasəti Komitəsinin iclas protokollarında iqtisadi artımın zəiflədiyinə və əmək bazarında durğunluğun artdığına dair sübutların mövcud olduğu bildirilib. Eyni zamanda, inflyasiya ilə bağlı yuxarı istiqamətli risklərin əvvəlki dövrlərlə müqayisədə daha az nəzərə çarpdığı qeyd edilib.
İngiltərə Mərkəzi Bankı bir çox inkişaf etmiş ölkələrlə müqayisədə nəzarət altına alınması daha çətin olan davamlı inflyasiya ilə zəifləyən əmək bazarı əlamətləri arasında tarazlıq yaratmağa çalışır. İngiltərə şirkətləri işə qəbul proseslərini məhdudlaşdırır, işdən azad etmələrin sayı isə artmaqdadır.
Bizi sosial şəbəkələrdən izləyin!!
