"Goldman Sachs" qızılın qiyməti üzrə proqnozunu artırdı | Banco.az

"Goldman Sachs" qızılın qiyməti üzrə proqnozunu artırdı

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal investisiya bankı "Goldman Sachs" mərkəzi banklar və özəl investorlar tərəfindən qızıla olan güclü tələbatı nəzərə alaraq qiymətli metal üzrə ilin sonu proqnozunu yeniləyib.

Banco.az xəbər verir ki, bankın analitikləri, o cümlədən Daan Struyven tərəfindən dərc edilən qeydə əsasən, 2026-cı ilin dekabr ayı üçün qızılın qiymət hədəfi əvvəlki 4900 dollardan 5400 dollara qaldırılıb. Analitiklər bu dəyişiklikləri qızılın qlobal maliyyə bazarlarında strateji əhəmiyyətinin artması ilə əlaqələndirirlər.

Proqnozlara görə, mərkəzi banklar 2025-ci il ərzində ayda orta hesabla 60 ton qızıl külçə almağa davam edəcəklər. Bu isə institusional tələbatın güclü qalacağını göstərir.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltması fonunda qızılla təmin edilmiş birja ticarət fondlarına (ETF) marağın artacağı və bu fondlardakı aktivlərin genişlənəcəyi gözlənilir.

Hesabatda qeyd olunur ki, qızıl bazarında təklifin məhdudluğu daha aydın hiss olunmağa başlayıb. Analitiklərin fikrincə, mərkəzi banklar artıq ETF-lər vasitəsilə mövcud olan məhdud qızıl külçələri uğrunda özəl investorlarla rəqabət aparırlar.

Ekspertlər bildirirlər ki, faiz dərəcələrinin azalması qızıla olan marağı daha da artıracaq. Qızılın faiz gəliri gətirməməsinə baxmayaraq, qeyri-müəyyən iqtisadi şəraitdə təhlükəsiz aktiv kimi cazibəsi güclənməkdə davam edir.