"TikTok" uşaqların məxfiliyinin qorunması ilə bağlı məhkəmə işində 400 milyon dollara razılaşdı | Banco.az

"TikTok" uşaqların məxfiliyinin qorunması ilə bağlı məhkəmə işində 400 milyon dollara razılaşdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

"TikTok" uşaqların məxfiliyinin qorunması ilə bağlı məhkəmə işində 400 milyon dollara razılaşdı.

Banco.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi uşaqların internetdə məxfiliyinin qorunması ilə bağlı məhkəmə işində "TikTok", onun ana şirkəti "ByteDance" və digər əlaqəli qurumlarla 400 milyon dollarlıq razılaşma əldə edildiyini açıqlayıb.

ABŞ Ədliyyə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, "TikTok", "ByteDance" və əlaqəli qurumların Uşaqların İnternetdə Məxfiliyinin Qorunması Qanununa (COPPA) və bu qanunun tətbiqinə dair qaydalara uyğunluğu ilə bağlı məhkəmə işinin həlli üçün 400 milyon dollarlıq razılaşma əldə olunub.

Açıqlamada sözügedən razılaşmanın indiyədək COPPA ilə bağlı məhkəmə işləri çərçivəsində əldə edilmiş ən yüksək məbləğlərdən birini təşkil etdiyi qeyd olunub.

Razılaşmaya əsasən, "TikTok" dərhal 300 milyon dollar ödəyəcək. Şirkətin sələfi "Musical.ly" ilə bağlı əvvəlki razılaşma qərarı ləğv edildikdən sonra isə əlavə olaraq 100 milyon dollar ödəniləcək.

ABŞ Ədliyyə Nazirliyinin 2024-cü ildə şikayət təqdim etməsindən sonra "TikTok"-un mülkiyyət strukturu, idarəetməsi, qanunvericiliyə uyğunluq fəaliyyəti və məxfilik siyasətində əhəmiyyətli dəyişikliklərin həyata keçirildiyi də vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram