"Fitch" inkişaf etməkdə olan iqtisadiyyatların artım potensialını aşağı salıb | Banco.az

"Fitch" inkişaf etməkdə olan iqtisadiyyatların artım potensialını aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Fitch" inkişaf etməkdə olan iqtisadiyyatların artım potensialını 4%-dən aşağı endirib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi 2023-cü ilin noyabrında inkişaf etməkdə olan bazarlar üçün 5 illik potensial ÜDM (Ümumi Daxili Məhsul) artım proqnozlarını yenidən nəzərdən keçirib.

"Fitch" tərəfindən verilən açıqlamada bildirilir ki, Qlobal İqtisadi Perspektivlər hesabatında yer alan 10 inkişaf etməkdə olan ölkə üçün proqnozlaşdırılan orta müddətli potensial artım tempi ÜDM-ə əsasən çəkilmiş orta hesabla 4 faizdən 3,9 faizə endirilib.

Açıqlamada bu düzəlişin əsas səbəbi olaraq Çinin potensial artım tempinin 4,6 faizdən 4,3 faizə endirilməsi göstərilir.

Açıqlamada Meksika, İndoneziya və Cənubi Koreya üzrə artım proqnozlarının azaldıldığı, Rusiya, Braziliya, Polşa və Hindistan üçün isə yuxarı istiqamətli düzəliş edildiyi bildirilib.

Eyni zamanda, Cənubi Afrika və Türkiyə üçün proqnozlarda heç bir dəyişiklik edilmədiyi, ÜDM çəkisi nəzərə alınmadan, sözügedən 10 inkişaf etməkdə olan ölkənin orta potensial artım tempinin 3,1 faiz olduğu qeyd olunub.

Buna əsasən, 5 illik potensial artım proqnozları İndoneziya üçün 4,9 faizdən 4,7 faizə, Meksika üçün 2 faizdən 1,8 faizə, Cənubi Koreya üçün isə 2,1 faizdən 1,9 faizə endirilib.

Proqnozlaşdırılan artım tempi Hindistan üçün 6,2 faizdən 6,4 faizə, Polşa üçün 3 faizdən 3,2 faizə, Braziliya üçün 1,7 faizdən 2 faizə və Rusiya üçün 0,8 faizdən 1,2 faizə yüksəldilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram