"Fitch": Azərbaycanın suveren aktivləri 93 milyard dollara qədər artacaq | Banco.az

"Fitch": Azərbaycanın suveren aktivləri 93 milyard dollara qədər artacaq

"Fitch Ratings" Beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent defoltu reytinqini (IDR) sabit proqnozla “BBB-” səviyyəsində təsdiqləyib. Agentliyin məlumatına görə, Azərbaycanın suveren valyuta aktivləri 2026-cı ildə 93 milyard ABŞ dollarına çatacaq ki, bu da ölkənin proqnozlaşdırılan ÜDM-nin 117 faizini təşkil edəcək.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Agentliyin qiymətləndirməsinə əsasən, aktivlərin artımı Yaxın Şərqdəki gərginlik fonunda neft və qaz qiymətlərinin yüksəlməsi hesabına təmin olunacaq ki, bu da ölkənin ixrac gəlirlərinin artmasına səbəb olacaq. Göstərilən aktivlərin təxminən 84 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq valyuta ehtiyatlarında cəmləşəcək.

"Fitch" qeyd edir ki, Azərbaycanın xalis suveren xarici aktivləri ÜDM-in 73 faizinə çatacaq ki, bu da “BBB” reytinq kateqoriyasına aid ölkələr arasında ən yüksək göstərici olacaq.

Agentlik vurğulayır ki, Azərbaycanın reytinqi çox güclü xarici mövqe, müqayisə olunan ölkələr arasında ən aşağı dövlət borcu səviyyəsi və suveren fondun əhəmiyyətli aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

"Fitch"in proqnozlarına görə, daha yüksək neft qiymətləri ilə idxalın cüzi artımının birləşməsi tədiyə balansının cari əməliyyatlar hesabı üzrə profisitin 2026-cı ildə ÜDM-in 9 faizinə yüksəlməsinə imkan verəcək. Bu göstərici 2025-ci ildə 4,6 faiz səviyyəsində olub. Agentliyin fikrincə, 2027-ci ildə neft və qaz qiymətlərinin azalacağı gözlənsə də, profisit analoji ölkələrin orta göstəricisindən yüksək olaraq qalacaq və valyuta ehtiyatlarının artmasına töhfə verməyə davam edəcək.

Konsolidə edilmiş büdcə profisitinin 2026-cı ildə ÜDM-in 5,6 faizinə yüksəlməsi gözlənilir. Lakin karbohidrogen qiymətlərinin aşağı düşməsi, qeyri-neft gəlirlərinin mülayim artımı və dövlət xərclərinin nisbətən sabit qalması səbəbindən 2027-ci ildə bu göstərici azalacaq. "Fitch" qeyd edir ki, Azərbaycan hakimiyyəti müdafiə məsələlərinə və azad edilmiş ərazilərin bərpasına prioritet verməyə davam edəcək.

Agentlik ölkənin büdcə siyasətinin təkmilləşdirilməsini də müsbət qiymətləndirir. Belə ki, 2027–2030-cu illəri əhatə edən strategiya ilkin qeyri-neft kəsirinin 2029-cu ilə qədər ÜDM-in 13 faizinə endirilməsini nəzərdə tutur. Müqayisə üçün, bu göstərici 2025-ci ildə 18,6 faiz, 2022-ci ildə isə 22,2 faiz təşkil edib.

"Fitch"in rəyinə görə, ortamüddətli fiskal hədəflərin yenidən nəzərdən keçirilməsi imkanlarını məhdudlaşdırmağa yönəlmiş büdcə qaydalarındakı dəyişikliklər, eləcə də hökumətin ARDNF-dən dövlət büdcəsinə transfertləri mərhələli şəkildə azaltmaq niyyəti büdcə siyasətinin prosiklik xarakterini zəiflədəcək, iqtisadi kursun proqnozlaşdırıla bilməsini artıracaq və dövlətin xarici aktivlərinin daha da artmasına şərait yaradacaq.

Trend