Ekoturizm layihələrinə sərmayələr artırılmalıdır – AÇIQLAMA | Banco.az

Ekoturizm layihələrinə sərmayələr artırılmalıdır – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024- cü ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

Təkcə noyabrda isə ölkəyə 202 440 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 19 % çoxdur.

Pandemiyadan sonra Azərbaycanın turizm sektorunun vəziyyətini dəyərləndirən Hotellər və Restoranlar Assosiasiyasının sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, nəzərəçarpan bərpa prosesi müşahidə edilsə də, hələ də həll olunmamış problemlər mövcuddur:

“Enerji səmərəliliyinin artırılması, yerli sahibkarların dəstəklənməsi və yaşıl infrastrukturun inkişafı sahəsində daha çox iş görülməlidir. Turizm sahəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün davamlı turizm prinsiplərinə uyğun strategiyaların daha geniş tətbiqi vacibdir”.

Samir Dübəndi qeyd edib ki, Azərbaycanın turizm sektorunda enerji səmərəliliyinin aşağı səviyyədə olması, ekoloji təbliğatın çatışmazlığı və sahibkarlara yetərli dəstəyin göstərilməməsi kimi problemlər hələ də qalmaqdadır.

S. Dübəndi ekoturizm marşrutları üçün təklif edilən qiymətlərdən də danışıb.O, hesab edir ki, bu fəaliyyətlər yeni yarandığından bazarda formalaşmış qiymət siyasəti yoxdur və təklif edilən qiymətlər fərqlidir.Mütəxəssis dşünür ki, bu problemlərin həlli üçün dövlət və özəl sektor arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Xüsusəndə  yaşıl texnologiyaların tətbiqi genişləndirilməli və ekoturizm layihələrinə sərmayələr artırılmalıdır.