Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın texnologiya şirkəti "Microsoft" süni intellekt infrastrukturunu gücləndirmək üçün Yaponiyaya 1,6 trilyon yen (10 milyard dollar) sərmayə qoyacağı bildirilir.
Banco.az xəbər verir ki, məlumata görə, "Microsoft"un vitse-sədri və prezidenti Bred Smit Tokioda Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşüb.
Görüş zamanı Smit bildirib ki, şirkət süni intellekt və bulud hesablamaları ilə bağlı infrastrukturunu gücləndirmək üçün Yaponiyaya 1,6 trilyon yen investisiya qoymaq qərarına gəlib.
Smit qeyd edib ki, 2026-29-cu illər üçün investisiya planlarının bir hissəsi olaraq, Yaponiyada yerləşən "SoftBank" və internet xidməti provayderi "Sakura Internet Inc" ilə əməkdaşlıq edəcəklər.
Yaponiya hökuməti bu maliyyə ilində qabaqcıl çiplərin və süni intellektin inkişafını dəstəkləmək üçün təxminən 1,23 trilyon yen (7,7 milyard dollar) ayırıb. Sənaye robototexnikasında liderliyindən istifadə edən hökumət, 2040-cı ilə qədər "fiziki süni intellekt" adlandırdığı sahədə qlobal bazar payının 30 faizindən çoxuna nail olmağı hədəfləyir.
