Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır | Banco.az

Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır

Azərbaycanda kreditləşmə sahəsində proseslərin rəqəmsallaşdırılması və məlumat mübadiləsinin operativliyinin artırılması istiqamətində yeni mexanizmlər tətbiq ediləcək.

Kredit qərarlarının verilməsi prosesinin avtomatlaşdırılması və kreditlərin verildiyi andan etibarən tarixçədə dərhal əks olunmasını təmin edən yeni Ani qeydiyyat sisteminin bu il iyulun 1-nə qədər "Azərbaycan Kredit Bürosu" MMC tərəfindən istismara verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, cari ilin sonuna qədər vətəndaşların öz maliyyə davranışlarını idarə etməsinə imkan verən özünəqadağa xidmətinin də istifadəyə verilməsi planlaşdırılır. Bu xidmət vasitəsilə şəxslər öz adlarına kredit rəsmiləşdirilməsinə məhdudiyyət qoya biləcəklər.

Eyni zamanda, banklar arasında kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğuların mütəmadi aparılması nəzərdə tutulur. Sorğuların nəticələri, mövcud trendlər və təhlillər ictimaiyyətə və maliyyə sektoru iştirakçılarına açıqlanacaq.

Təminat hüquqları və kredit məlumatlarının yenilənməsi prosesində əməliyyat səmərəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.

Bundan əlavə, kreditlərin verildiyi və ya bağlandığı andan qısa müddət sonra müvafiq məlumatların "Azərbaycan Kredit Bürosu"na təqdim edilməsi üçün məlumat təchizatçıları ilə maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçiriləcək.

Bu tədbirlər kredit bazarında şəffaflığın artırılmasına, risklərin daha effektiv idarə olunmasına və qərarvermə prosesinin sürətləndirilməsinə xidmət edəcək.

Report