Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard dezinflyasiya prosesinin yolunda getdiyi, lakin qlobal ticarətdəki münaqişənin risk yaratdığı barədə xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamenti (AP) Baş Assambleyasının iclasında Avropa Mərkəzi Bankının (ECBB) illik hesabatı ilə bağlı çıxış edən Lagard inflyasiyanın bu il ECB-nin 2% hədəfinə çatmasının gözlənildiyini bir daha vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı sonuncu açıqlamalarından sonra danışan Lagard, “Avrozonada inflyasiya ilə mübarizə prosesi uğurla irəliləyir. Lakin qlobal ticarətdə daha çox qarşıdurma Avrozonanın inflyasiya perspektivini daha qeyri-müəyyən hala gətirəcək”, – deyə bildirib.
Qeyd edək ki, ECB-nin mart ayında altıncı dəfə faiz endirimini həyata keçirməsi gözlənilir. Rəsmilərin əksəriyyəti qarşıdakı aylarda inflyasiya hədəfinə çatacaqlarına əmindir. Bununla belə, inflyasiyanın hədəfə çatmaması riski böyükdür və bu da gələcək addımları qeyri-müəyyən edir. İnflyasiyanı yüksək səviyyədə saxlaya biləcək amillər arasında potensial ABŞ ticarət tarifləri və enerji qiymətlərinin artması yer alır.
Lagard pandemiya və Rusiyanın Ukraynaya müdaxiləsi kimi şokların tezliyinin “çox güman ki, yüksək qalacağını” bildirib. ECB-nin son siyasət iclasındakı açıqlamasını təkrarlayan Lagard onun və həmkarlarının “uyğun monetar siyasət mövqeyini müəyyən etmək üçün məlumat əsaslı və iclasa əsaslanan yanaşma tətbiq edəcəklərini” və “müəyyən bir faiz dərəcəsi trayektoriyası ilə bağlı əvvəlcədən öhdəlik götürməyəcəklərini” bildirib. Analitiklər və investorlar ECB-nin hazırda 2,75% olan depozit faiz dərəcəsinin ilin ortalarında 2%-ə endiriləcəyini proqnozlaşdırırlar.
Pul siyasəti üçün mürəkkəb iqtisadi mühit barədə xəbərdarlıq edən Lagard dəyişən qlobal dinamika və sürətli texnoloji inkişafın təsiri altında Avropanın strateji müstəqillik əldə etməklə qlobal iqtisadiyyata açıq qalmaq arasında incə bir tarazlıq qurmalı olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!