Dünyanın ən kiçik avtomobili hərraca çıxarılacaq | Banco.az

Dünyanın ən kiçik avtomobili hərraca çıxarılacaq

Müəllif:Mehin Qasımova,Banco.az

Ginnesin Rekordlar Kitabına dünyanın ən kiçik seriya avtomobili kimi düşən "Peel P50" noyabrın 14-də hərraca çıxarılacaq.

Banco.az xəbər verir ki, hərrac İngiltərənin Uorvikşir şəhərində “Iconic Auctioneers” şirkəti tərəfindən təşkil olunacaq. Zeytun yaşılı rəngli, üçtəkərli avtomobil kolleksiyaçıların diqqətini cəlb edir.

Men adasında istehsal olunan Peel P50-nin uzunluğu təxminən 137 santimetr, eni isə 106 santimetrdir. Avtomobil yalnız bir yetkin sərnişin və kiçik alış-veriş çantası üçün nəzərdə tutulub.

49 kubsantimetrlik iki taktlı mühərrik və üçpilləli mexaniki transmissiya ilə təchiz edilən model saatda təxminən 64 kilometr sürət yığa bilir.

Geri ötürücü mexanizmi yoxdur

Peel P50-nin ən maraqlı xüsusiyyətlərindən biri geri ötürücü mexanizminin olmamasıdır. Avtomobili geriyə hərəkət etdirmək üçün sürücü arxa hissədəki tutacaqdan istifadə edərək avtomobilin arxasını qaldırmalı və onu əl ilə çevirməlidir.

1964-cü ildə 199 funt sterlinqə satışa çıxarılan model vaxtilə “piyada getməkdən daha ucuz” şüarı ilə tanıdılıb.

Cəmi 50 ədəd istehsal olunub

Peel Engineering tərəfindən 1962–1965-ci illərdə cəmi 50 ədəd istehsal edilən avtomobillərdən bu gün 30-dan azının qaldığı bildirilir. Model 2010-cu ildə dünyanın ən kiçik seriya avtomobili kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Hərraca çıxarılacaq nümunə 1964-cü ildə Finlandiyaya yeni avtomobil kimi gətirilib və bu ilin əvvəlinə qədər orada saxlanılıb. “Iconic Auctioneers” avtomobilin orijinal vəziyyətdə olduğunu və bərpa üçün yararlı sayıldığını açıqlayıb.

Şirkətin avtomobil üzrə mütəxəssisi Aleks Lukok Peel P50-nin son 20 ildə kult statusu qazandığını bildirib. Onun sözlərinə görə, model 1960-cı illərin əvvəllərində Britaniya avtomobil sənayesinin yaradıcılığını əks etdirir.