Müəllif: Gülnar Əhmədli, Banco.az
Qazaxıstanın Energetika Nazirliyi Qara dənizdə tankerlərə edilən hücumlar səbəbindən müvəqqəti dayandırılan neft daşımalarının Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi vasitəsilə bərpa olunduğunu açıqlayıb.
Banco.az xəbər verir ki, Nazirliyin sözçüsü Asel Serikpaevanın sözlərinə görə, CPC yükdaşıyanlardan neft qəbulunu və Novorossiysk limanındakı dəniz terminalında yükləməni bərpa edib.
Hazırda Seamajesty və Milos tankerləri CPC-nin iki tək nöqtəli lövbər salma məntəqəsində yüklənir. Hər iki gəmi Tengizchevroil-dən neft alır.
Onun sözlərinə görə, neft daxilolmalarının bərpası şirkətlərə boru kəməri sisteminə xam neft tədarükünü davam etdirməyə və dəniz terminalı vasitəsilə ixrac əməliyyatlarını yenidən həyata keçirməyə imkan verir. Nazirlik əlavə edib ki, terminaldakı digər əməliyyatlar mövcud vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Xatırladaq ki, Qazaxıstan neftini daşıyanlar da daxil olmaqla bir neçə tanker CPC-nin dəniz terminalında dron hücumuna məruz qalmışdı. İyulun 23-də Qazaxıstanın Energetika Nazirliyi təhlükəsizliyi təmin etmək məqsədilə CPC terminalında neft yüklənməsinin dayandırıldığını açıqlamışdı. Nəticədə Qazaxıstan neft hasilatını azaltmağa məcbur olmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!
