Nvidia süni intellekt sahəsində təhlükəsizlik addımı atır – Yeni bir ittifaq yaradılıb | Banco.az

Nvidia süni intellekt sahəsində təhlükəsizlik addımı atır – Yeni bir ittifaq yaradılıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Süni intellekt sahəsində fəaliyyətini davam etdirən ABŞ-nin çip istehsalçısı Nvidia sektor üzrə təhlükəsizlik standartlarını gücləndirmək məqsədilə Açıq Təhlükəsiz Süni İntellekt Alyansını (Open Secure AI Alliance) yaradıb.

Banco.az şirkətin açıqlamasına istinadən xəbər verir ki, yeni alyans açıq mənbə texnologiyalarından istifadə etməklə süni intellekt sistemlərində yarana biləcək təhlükəsizlik boşluqlarını müəyyənləşdirməyi, onların aradan qaldırılmasına töhfə verməyi və əldə olunan nəticələri ictimaiyyətlə bölüşməyi hədəfləyir.

Texnologiya nəhəngləri bir araya gəldi

Alyansın ilk üzvləri arasında Adobe, Cisco, Cloudflare, CrowdStrike, Dell Technologies, Hugging Face, IBM, Linux Foundation, Microsoft, Palantir, Palo Alto Networks, Red Hat, Salesforce, SAP, ServiceNow, Siemens, Snowflake və SK Telecom kimi şirkətlər yer alıb.

Üç böyük şirkət alyansda yoxdur

Yeni təşəbbüsdə diqqət çəkən məqam süni intellekt sahəsinin aparıcı şirkətləri OpenAI, Anthropic və Google-ın alyansa qoşulmamasıdır. Nvidia bu şirkətlərin alyansdan kənarda qalmasının səbəbi ilə bağlı açıqlama verməyib.

Yeni alyansın süni intellekt texnologiyalarının təhlükəsiz istifadəsi üçün ortaq standartlar hazırlaması və sektorda əməkdaşlığı gücləndirməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram