Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi | Banco.az

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

Müəllif: Gülnar Əhmədli, Banco.az

FIFA Dünya Kuboku təkcə böyük idman tədbiri deyil, həm də ciddi iqtisadi təsirə malik qlobal platformadır. Milyonlarla insanın izlədiyi yarış brendlər üçün böyük reklam imkanları yaratdı və şirkətlər turnirə xüsusi kampaniyalarla qoşuldular.

Banco.az xəbər verir ki, KFC 2026-cı il Dünya Kuboku üçün Braziliya millisinin keçmiş futbolçusu Roberto Karlosun iştirakı ilə reklam kampaniyası hazırlayıb. Kampaniyada futbol əfsanəsi brendin toyuq məhsullarının "məşqçisi" obrazında çıxış edir.

Lay's isə turnirdə iştirak edən ölkələrə həsr olunmuş məhdud sayda məhsullar təqdim edib. ABŞ üçün ketçup və qızardılmış toyuq, Kanada üçün lobster, Meksika üçün tako, Səudiyyə Ərəbistanı üçün turş limon və Portuqaliya üçün soğanlı çorizo dadlı çipslər hazırlanıb.

Coca-Cola da Dünya Kubokuna xüsusi dizayn edilmiş qablaşdırma seriyası ilə qatılıb. Paketlərdə iştirakçı ölkələrin rəng palitralarından istifadə olunub və hər bir ölkəni təmsil edən üç hərfli kodlara yer verilib.

Böyük brendlər arasında AdidasNike da turnirə xüsusi reklam filmləri ilə hazırlaşıb. Adidasın "Adidas Backyard Legends" kampaniyasında Timoti Şalame ilə yanaşı Lamin Yamal, Cud Bellinqem və Triniti Rodman kimi futbol ulduzları yer alıb. Nike isə Kriştiano Ronaldo və Kilian Mbappe ilə yanaşı, Trevis Skott kimi məşhurların iştirak etdiyi "Rip The Script" adlı mini-film yayımlayıb.

Rexona isə daha fərqli reklam üsuluna əl atıb. Brendin loqosu hakimlərin formalarında, qoltuqaltı hissədə yerləşdirilib. Hakimlər sarı və ya qırmızı vərəqə göstərmək üçün qollarını qaldırdıqda loqo görünür.

Dünya Kuboku ilə bağlı reklam kampaniyaları yalnız məhsullarla məhdudlaşmır. Brendlər sosial media layihələri, xüsusi kolleksiyalar, virtual fəaliyyətlər və azarkeşlər üçün müxtəlif tədbirlər vasitəsilə turnirin populyarlığından yararlanmağa çalışdılar. Bu da Dünya Kubokunun idmandan kənarda qlobal marketinq və reklam platformasına çevrildiyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram