Çin və Afrika ölkələri ABŞ-ı məsləhətləşməyə çağırır | Banco.az

Çin və Afrika ölkələri ABŞ-ı məsləhətləşməyə çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin və Afrika ölkələri ABŞ-ı proteksionist siyasətdən əl çəkməyə və ticarət mübahisələrini bərabərlik, qarşılıqlı hörmət və fayda əsasında məsləhətləşmələr yolu ilə həll etməyə çağırıb.

Banco.az xəbər verir ki, Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) Liderlər Zirvəsinin Qərarlarının İcrası üzrə Koordinator Nazirlər Görüşü 10-11 iyun tarixlərində Çinin Hunan əyalətinin mərkəzi Çanqşa şəhərində keçirilib.

Çin ilə Afrika İttifaqına üzv olan 53 ölkəni bir araya gətirən zirvədən sonra “Qlobal Cənub Həmrəyliyi və Əməkdaşlığına dair Çin-Afrika Çanqşa Bəyannaməsi” adlı ortaq bəyanat yayımlanıb.

Bəyanatda birtərəfliliyin, proteksionizmin (qoruyucu iqtisadi siyasətin) və iqtisadi zorakılığın Afrikanın və digər inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafı, eləcə də əhalinin həyat şəraitinin yaxşılaşdırılması sahəsində ciddi çətinliklər yaratdığına diqqət çəkilib.

ABŞ-ın beynəlxalq iqtisadi və ticarət nizamını rüsumlar vasitəsilə pozmağa yönəlmiş səylərinin beynəlxalq ictimaiyyətin ümumi mənafeyinə zərər vurduğu qeyd edilən bəyanatda, “Ölkələri, xüsusilə də ABŞ-ı ticarət mübahisələrini bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı faydaya əsaslanan məsləhətləşmələrlə həll etməyə çağırırıq” ifadəsi yer alıb.

Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətin Afrika ölkələrinin iqtisadi problemlərinə və inkişafda qarşılaşdığı çətinliklərə xüsusi diqqət yetirməli olduğu vurğulanaraq, inkişaf yardımlarının davam etdirilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, iqtisadi və sosial inkişafın gücləndirilməsi və ölkələrə dəstək göstərilməsinin vacibliyi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram