Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) Avrozona iqtisadiyyatının yüksək tariflərlə, ticarət siyasətində qeyri-müəyyənlik və geosiyasi risklərlə üzləşdiyini bəyan edib.
Banco.az xəbər verir ki, BVF (Beynəlxalq Valyuta Fondu) heyətinin Avrozonanın iqtisadi vəziyyətinə dair 4-cü maddə çərçivəsində apardığı qiymətləndirmənin yekun bəyanatı yayımlanıb.
Bəyanatda qeyd olunur ki, Avropa iqtisadiyyatı rekord səviyyədə aşağı olan işsizlik, ümumilikdə hədəflənmiş səviyyədə olan əsas inflyasiya və sabit maliyyə sistemi ilə dayanıqlılığını qorumaqdadır.
Lakin sənəddə siyasətçilərin artan ticarət gərginlikləri, müdafiə xərclərinə olan artan tələbat və enerji təhlükəsizliyi kimi yeni çağırışlarla üzləşdiyi vurğulanıb. Həmçinin aşağı məhsuldarlıq, sürətlə qocalan əhali və zəif orta müddətli iqtisadi artım kimi problemlərə də diqqət çəkilib.
Bəyanatda qeyd olunur ki, Avrozonanın iqtisadiyyatı yüksək gömrük tarifləri, ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik və artmaqda olan geosiyasi risklərlə müşayiət olunan mürəkkəb qlobal mühitdə irəliləməkdədir.
Proqnozlara əsasən, Avrozonada iqtisadi artımın 2025-ci ildə 0,8 faizlə mülayim səviyyədə qalacağı, 2026-cı ildə isə 1,2 faizə yüksələcəyi gözlənilir. Ticarət gərginlikləri və artan qeyri-müəyyənliyin daxili tələbat və ixrac perspektivlərinə mənfi təsir göstərəcəyi, Avropadakı geosiyasi vəziyyətin isə investisiyalar və istehlak üzərində təzyiq yaradacağı bildirilir.
Həmçinin sənəddə qeyd olunur ki, bölgədə əsas inflyasiya göstəricisi 2 faizə yaxın səviyyədədir və baza inflyasiyasının 2026-cı ilə qədər 2 faizə qədər geriləyəcəyi proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!