Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Trampın qlobal tarifləri 15%-ə qaldırmaq planını açıqlamasından sonra kriptovalyuta bazarında kəskin dalğalanma müşahidə olunub.
Banco.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası olan Bitkoin bazar ertəsi günü 5%-dən çox ucuzlaşaraq 65 min dolların altına düşüb.
Bu azalma Asiya fond bazarlarında müşahidə olunan erkən artımlarla eyni vaxta təsadüf edib və artan tarif qeyri-müəyyənliyi fonunda kriptovalyutaların regional səhm bazarlarından fərqli istiqamətdə hərəkət etdiyini göstərib.
Qeyd edək ki, Bitkoin ötən ilin oktyabr ayında 125 min dolları keçdikdən sonra kəskin satış təzyiqi ilə üzləşib və eniş tendensiyası yeni ilin ilk aylarında da davam edib. Hazırda kriptovalyuta ilin əvvəlindən bəri dəyərinin təxminən 26 faizini itirib, oktyabr ayındakı pik göstəricidən isə 47 faizdən çox geriləyib.
Qlobal blokçeyn texnologiya şirkəti BTSE-nin baş əməliyyat direktoru Jeff Mei bildirib ki, tariflərin gözlənilmədən artırılması investorları daha ciddi bazar enişi ehtimalı səbəbindən kripto aktivlərini satmağa sövq edib.
Onun sözlərinə görə, ABŞ-ın İran ətrafında hərbi mövcudluğunu artırması ilə bağlı xəbərlər və bunun mümkün regional münaqişəyə gətirib çıxara biləcəyi narahatlığı da investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olur.
