Müəllif: Mehin Qasımova, Banco.az
Kriptovalyuta birjası "Bitget"də baş verən təhlükəsizlik pozuntusu nəticəsində təxminən 388 milyon dollar dəyərində aktiv oğurlanıb.
Banco.az xəbər verir ki, şirkətin baş direktoru Qreysi Çen oğurlanan vəsaitlərin hamısının geri qaytarılmasının çətin olduğunu bildirib. Onun sözlərinə görə, hakerlər aktivləri müxtəlif kriptovalyuta ünvanlarına və platformalara köçürdükcə vəsaitlərin izlənməsi və dondurulması çətinləşir.
Çen 2025-ci ildə Bybitə qarşı həyata keçirilən təxminən 1,5 milyard dollarlıq hücumu nümunə göstərərək, belə hallarda oğurlanan vəsaitlərin yalnız bir hissəsinin geri qaytarıla bildiyini qeyd edib.
Kripto birjası oğurlanmış aktivlərin bərpasını sürətləndirmək üçün mükafat proqramı da başladıb. Dondurulan vəsaitlərin 5 faizi, geri qaytarılan aktivlərin isə əlavə 5 faizi mükafat kimi ödəniləcək.
İlkin hesablamalara görə, zərərin həcmi 352 milyon dollar olub. Sonrakı araşdırmalarda əlavə köçürmələr müəyyən edildikdən sonra məbləğ 388 milyon dollara yüksəlib.
Hücumun mənbəyi ilə bağlı araşdırma davam edir. "Bitget" bəzi əlamətlərin Şimali Koreya ilə əlaqəli haker qruplarına işarə etdiyini bildirsə də, bu versiya hələ təsdiqlənməyib.
Hücumdan sonra dayandırılan pul çıxarışları isə mərhələli şəkildə bərpa olunur.
