"AzərEnerji": 2028-ci ildə 525 MVt gücündə yeni elektrik stansiyasının tikintisi reallaşacaq | Banco.az

"AzərEnerji": 2028-ci ildə 525 MVt gücündə yeni elektrik stansiyasının tikintisi reallaşacaq

2028-ci ildə ümumi gücü 525 MVt olan iki qaz turbini və bir buxar turbinindən ibarət yeni elektrik stansiyasının tikintisi artıq reallaşacaq.

Bunu "AzərEnerji" ASC-nin sədr müavini Rüstəm Qasımov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası" tədbirində deyib.

O bildirib ki, "yaşıl enerji" balansını qorumaq və daha da inkişaf etdirmək üçün bunu müvafiq hidroenerji ilə birləşdirməyi planlaşdırılır: "Planlarımıza əsasən, 2028-ci ilə qədər şəbəkəyə 1910 MVt gücün inteqrasiyası nəzərdə tutulur ki, mövcud bərpa olunan enerji gücü ilə birlikdə bu rəqəm təxminən 2 QB-a çatacaq. Bu hədəfə çatmaq üçün biz Azərbaycan üçün tamamilə yeni olan bir texnologiyanı - Batareya Enerji Saxlama Sistemlərini (BESS) tətbiq etdik. Bu ilin aprel və may aylarında Prezident İlham Əliyevin iştirakı ilə hər birinin gücü 250 MVt/saat olan iki böyük batareya saxlama sisteminin açılışı olub".

R. Qasımov bildirib ki, hazırda şəbəkədə günəş və külək elektrik stansiyaları üzrə 500 MVt-dan çox güc mövcuddur: "Həmçinin MVt/saatlıq batareya saxlama sistemlərimiz var. Digər müqavilələr də artıq imzalanıb, beləliklə 2028-ci ilə qədər 2 QB-lıq gücün şəbəkəyə inteqrasiyası mütləq şəkildə təmin ediləcək. 2028-ci ilin sonuna qədər isə batareya sistemlərinin gücünü 1000 MVt/saata çatdırmağı planlaşdırırıq".