Avrozonanın sənaye istehsalı proqnozlardan aşağı hesablanıb | Banco.az

Avrozonanın sənaye istehsalı proqnozlardan aşağı hesablanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonanın sənaye istehsalı proqnozlardan aşağı hesablanıb.

Banco.az xəbər verir ki, "Avrostat" Avropa İttifaqı (Aİ) və Avrozonanın may ayı üzrə mövsümi təsirlərdən təmizlənmiş sənaye istehsalı göstəricilərini açıqlayıb.

Məlumata əsasən, Avrozonada sənaye istehsalı may ayında əvvəlki ayla müqayisədə 0,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 1,2 faiz azalıb.

Bazar iştirakçıları Avrozonada may ayında sənaye istehsalının aylıq ifadədə 0,3 faiz artacağını, illik ifadədə isə 0,5 faiz azalacağını proqnozlaşdırırdılar.

Avropa İttifaqında isə may ayında sənaye istehsalı aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 0,3 faiz geriləyib.

May ayında Aİ ölkələri arasında sənaye istehsalında aylıq ən böyük azalma 5,2 faizlə İrlandiyada qeydə alınıb. Sonrakı yerlərdə 3,7 faizlə Malta və 3 faizlə Litva qərarlaşıb.

Aylıq ən yüksək artım isə 2,7 faizlə Lüksemburqda, 2,3 faizlə Macarıstanda və 2 faizlə Polşada müşahidə olunub.

İllik müqayisədə sənaye istehsalında ən ciddi azalma 19,7 faizlə İrlandiyada baş verib. Bu göstəriciyə görə Bolqarıstan 4,7 faiz, Estoniya isə 3 faiz azalma ilə növbəti yerlərdə qərarlaşıb.

İllik əsasda ən yüksək artım isə Danimarka və İsveçdə 6,5 faiz, Latviyada 6,2 faiz, Macarıstanda isə 5,4 faiz səviyyəsində qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram