Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Statistika İdarəsi (Avrostat) Avropada yoxsulluq və sosial təcridlə üzləşən insanların statistikasını dərc edib.
Banco.az xəbər verir ki, Avropa İttifaqında yoxsulluq və sosial təcrid vəziyyətində yaşayan insanların sayı 2023-cü illə müqayisədə 0,3 faiz (300 min nəfər) azalaraq 93,3 milyona düşüb. Bu da o deməkdir ki, Aİ əhalisinin ümumilikdə 21 faizi yoxsulluq və ya sosial təcrid riski altındadır.
Ölkələr üzrə yoxsulluq və sosial təcrid riski təhlil edildikdə, Aİ ölkələri arasında İrlandiya 17,6 faizlə siyahının sonuncu pilləsində yer alır. Polşa 16 faiz, Niderland isə 14,4 faizlə ən aşağı riskə sahib digər ölkələrdir. Türkiyədə isə təxminən 25,6 milyon insan yoxsulluq və sosial təcrid riski ilə üz-üzədir. 30,4 faiz göstərici ilə Türkiyə siyahının ilk sırasında qərarlaşıb. Türkiyəni 30,3 faizlə Bolqarıstan və 27,9 faizlə Rumıniya izləyir.
Yoxsulluq və sosial təcrid vəziyyətində olan insanların sayı üç əsas risk amilinə əsasən hesablanır: yoxsulluq riski, ciddi maddi və sosial çatışmazlıq və aşağı iş aktivliyi olan ev təsərrüfatında yaşamaq.
2024-cü ildə Aİ daxilində yoxsulluq və ya sosial təcrid riski ilə qarşı-qarşıya qalan 93,3 milyon insanın təxminən 5,6 milyonu eyni anda bu üç risk faktorunun hamısının mövcud olduğu ev təsərrüfatlarında yaşayırdı.
Cinsə görə təhlil ediləndə, Aİ-də qadınlar kişilərlə müqayisədə daha çox risk altındadır. Qadınların 21,9 faizi, kişilərin isə 20 faizi bu risk altındadır.
Yaşa görə təhlildə isə gənclər daha yüksək risk altındadır. 18–24 yaş arası əhalinin 26,2 faizi, 18 yaşdan aşağı olanların isə 24,2 faizi yoxsulluq və sosial təcrid riski altındadır.
2024-cü ildə aşağı təhsilli əhalinin 33,9 faizi bu risklə üzləşmişdi. İşsizlər arasında isə bu göstərici 66,6 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!