Qlobal elektrikli avtomobil satışları 2,09 milyona çatıb | Banco.az

Qlobal elektrikli avtomobil satışları 2,09 milyona çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyada elektrikli nəqliyyat vasitələrinə tələbat artmaqda davam edir. Oktyabr ayında qlobal elektrikli avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 2,09 milyon ədədə çatıb.

Banco.az xəbər verir ki, bu barədə Londonda yerləşən “Benchmark Mineral Intelligence” analitik şirkətinin məlumatında bildirilib.

Məlumata görə, oktyabr ayında satışlar aylıq müqayisədə 3% azalsa da, illik ifadədə artım qeydə alınıb.

Beləliklə, 2026-cı ilin yanvar-oktyabr aylarında dünyada ümumilikdə 17,5 milyon elektrikli nəqliyyat vasitəsi satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.

Avropa İttifaqında isə oktyabr ayında elektrikli avtomobil satışları illik müqayisədə 36% artaraq 510 min ədədə çatıb. Bununla belə, aylıq müqayisədə 17% azalma qeydə alınıb.

İlin ilk 10 ayında Aİ-də elektrikli nəqliyyat vasitələrinin ümumi satışları 4,5 milyon ədədə yüksəlib. Bu, illik müqayisədə 31% artım deməkdir.

Ölkələr üzrə göstəricilərə gəlincə, Almaniyada elektrikli avtomobil satışları 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Böyük Britaniyada isə satışlar illik müqayisədə 30% artıb.