Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb | Banco.az

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas İttifaqa üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirdiyi görüş zamanı sosial media hesabında paylaşım edib.

“Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması barədə razılığa gəliblər,” ifadəsini işlədən Kallas sanksiyaların uzadılmasının Moskvanın müharibəni maliyyələşdirmək üçün gəlirlərdən məhrum qalmasına səbəb olacağını vurğulayıb.

Kallas əlavə edib ki, “Rusiya, törətdiyi zərərin dəyərini ödəməlidir.”

Qərar çərçivəsində Rusiyanın Ukraynanın sabitliyini pozmağa yönəlmiş fəaliyyətləri səbəbilə ilk dəfə 2014-cü ildə tətbiq edilən və 2022-ci ilin fevralında Ukraynaya hücumdan sonra əhəmiyyətli dərəcədə genişləndirilən məhdudlaşdırıcı tədbirlərin müddəti 31 iyul 2025-ci ilə qədər uzadılacaq.

Xatırladaq ki, Aİ indiyə qədər Rusiyaya qarşı 15 sanksiya paketi tətbiq edib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, neft və kömür daxil olmaqla enerji, sənaye, texnologiya, nəqliyyat, ikiqat istifadə və lüks məhsullar, həmçinin qızıl və almaz üzrə geniş əhatəli məhdudiyyətlər tətbiq olunur.

Dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə göndərilməsinə qadağa, bəzi rus banklarının beynəlxalq ödəniş sistemi SWIFT-dən çıxarılması və bir çox yayım orqanının fəaliyyətinin dayandırılması da sanksiyalar siyahısına daxildir. Aİ-nin sanksiyalar siyahısında 2000-dən çox şəxs və qurum yer alır.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır. Mövcud sanksiyaların müddəti isə 31 yanvar 2025-ci ildə bitirdi.

Qeyd olunan sanksiyaların uzadılması qərarının qəbul edilməsi üçün yekdillik tələb olunur. Enerji sahəsindəki narahatlıqlar səbəbilə Macarıstan bir müddətdir ki, sanksiyaların uzadılması qərarını təsdiqləmirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram