Müəllif: Gülnar Əhmədli, Banco.az
Kredit alan zaman bəzən düşünürük ki, müqavilədə qeyd edilən məbləğdən çox ödəniş etsək, borcumuz və faizlər azala bilər.
Bəs bu nə dərəcədə doğrudur? İqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, bu zaman birinci növbədə müqaviləyə baxmaq lazımdır. Çünki müştəri ilə bank arasındakı münasibətləri məhz müqavilə tənzimləyir və orada borcun vaxtından əvvəl bağlanması ilə bağlı müddəalar ola bilər:
"Bəzən banklar borcun vaxtından əvvəl ödənilməsinə, azaldılmasına görə cərimə də tətbiq edə bilər. Ona görə də ən vacib məsələ əvvəlcə müqaviləyə baxılmasıdır.
İkinci məsələ isə ondan ibarətdir ki, adətən banklar bu cür hallarla bağlı, xüsusilə hüquqi şəxslər üçün qrafikdən kənar ödənişlər zamanı cərimə nəzərdə tuturlar. Fiziki şəxslər üçün isə adətən belə cərimələr tətbiq edilmir. Fiziki şəxs vaxtından əvvəl ödəniş etdikdə qalıq borc azalır və nəticədə həm əsas borc, həm də faiz məbləği azalır.
Bununla belə, hər bir halda müqaviləyə baxmaq tövsiyə olunur. Çünki tərəflər arasındakı münasibətlər müqavilə şərtləri ilə tənzimlənir. Hüquqi şəxslər üçün cərimə nəzərdə tutula bilər, amma olmaya da bilər. Ona görə də həm fiziki, həm də hüquqi şəxslər üçün müqavilənin yoxlanılması vacibdir".
İqtisadçı qeyd edib ki, əgər müqavilədə cərimə nəzərdə tutulmayıbsa, vaxtından əvvəl ödənilən məbləğ qalıq borcu azaldır və bununla da faiz və borc məbləği azalır.

Bizi sosial şəbəkələrdən izləyin!!
