Azərbaycanda istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələb artıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Məlumata görə, tələbin artmasına təsir göstərən əsas faktor rəqəmsallaşma olub. Banklar növbəti rübdə ümumi istehlak kreditləri, həmçinin kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda dəyişiklik olmayacağını gözləyirlər.
Sorğunun nəticələrinə əsasən, istehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi, maliyyələşmə dəyəri və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib.
Bütövlükdə, bankların istehlak krediti portfeli üzrə artım dinamikasının növbəti rüb də davam edəcəyi gözlənilir.
Respondent bankların 85 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 15 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə diffuziya indeksi 11 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.