Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Komissiyası: Sosial media platformaları seçkilər və uşaqlar üçün risk yaradır.
Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sözçüsü Tomas Renye ictimai şəbəkə platformalarının qanunsuz və zərərli məzmunu yaymaq imkanına malik olduğunu, bunun isə seçkilər və uşaqlar baxımından risk yaratdığını bildirib.
Renye Brüsseldə keçirilən gündəlik mətbuat toplantısında jurnalistlərin suallarını cavablandırıb.
İctimai şəbəkə platformalarından istifadə etmək istədiklərini, lakin bu platformaların cəmiyyət üçün açıq risklər daşıya bildiyini qeyd edən Renye deyib:
“Seçkilərimiz üçün kim risk yarada bilər? İctimai şəbəkə platformaları. Uşaqlarımız üçün internetdə kim risk yarada bilər? Bu platformalar. Qanunsuz və zərərli məzmunu kim yaya bilər? Yenə də bu platformalar.”
Renye Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununun Birlik qaydalarına uyğunluq məsuliyyətini birbaşa onlayn platformaların üzərinə qoyduğunu vurğulayaraq belə danışıb:
“Platformalar bundan narazıdır. Bunun səbəbi isə odur ki, onlar uzun illər, hətta onilliklər boyu özlərini qanundan kənar və toxunulmaz hesab ediblər, ölçülərinin böyüklüyü səbəbindən məsuliyyətsiz davrana biləcəklərini düşünüblər. Lakin Avropada Rəqəmsal Xidmətlər Qanunu ilə bu nəzarətsiz dövr artıq sona çatıb.”
Bizi sosial şəbəkələrdən izləyin!!
