ABŞ və Qətər 1,2 trilyon dollarlıq iqtisadi əməkdaşlığa söz veriblər | Banco.az

ABŞ və Qətər 1,2 trilyon dollarlıq iqtisadi əməkdaşlığa söz veriblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp Qətərlə azı 1,2 trilyon dollar dəyərində iqtisadi əməkdaşlıq təmin etmək üçün müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, Yaxın Şərq turu çərçivəsində Qətəri ziyarət edən ABŞ Prezidenti Donald Tramp ölkə ilə iqtisadi və müdafiə sahələrini əhatə edən 1,2 trilyon dollar dəyərində razılaşma əldə edib. Bu barədə Ağ Ev rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, ABŞ və Qətər arasında 243,5 milyard dollardan çox dəyəri olan bir sıra iqtisadi müqavilələr imzalanıb. Bu razılaşmalar arasında Boeing şirkətindən 210 ədəd təyyarənin (787 Dreamliner və 777X) Qatar Airways tərəfindən alınması da var. Müqavilənin ümumi dəyəri 96 milyard dollar təşkil edir və bu, Boeing tarixində ən böyük geniş gövdəli təyyarə sifarişi hesab olunur. Layihə çərçivəsində ABŞ-da 1 milyondan çox iş yerinin yaradılması gözlənilir.

Enerji sahəsində McDermott şirkəti Qatar Energy ilə 8,5 milyard dollar dəyərində yeddi layihə həyata keçirəcək. Layihələr Qətərin LNG (mayeləşdirilmiş təbii qaz) genişlənmə proqramını əhatə edir və minlərlə amerikalının işlə təmin olunmasına töhfə verəcək.

Eyni zamanda, Parsons şirkəti 97 milyard dollara qədər dəyəri olan 30 layihəni, Quantinuum isə Qətərin Al Rabban Capital şirkəti ilə birlikdə ABŞ-da kvant texnologiyalarına və işçi qüvvəsinin inkişafına 1 milyard dollarlıq investisiya ilə ortaq layihə həyata keçirəcək.

Müdafiə sahəsində də tərəflər arasında mühüm razılaşmalar əldə olunub. Raytheon şirkəti Qətərə pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin təminatı üçün 1 milyard dollar, General Atomics isə MQ-9B pilotsuz hava sistemlərinin satışı üçün 2 milyard dollarlıq müqavilə imzalayıb.

Tərəflər həmçinin Al Udeid Hava Bazası ilə bağlı əməkdaşlığın genişləndirilməsi və gələcək müdafiə imkanlarını nəzərdə tutan 38 milyard dollardan artıq dəyəri olan investisiya planlarını əhatə edən niyyət bəyanı imzalayıblar.

Bu razılaşmalar ABŞ və Qətər arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılmış böyük bir addım kimi qiymətləndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram