Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ süni intellekt yönümlü “Texnologiya Qüvvəsi”ni elan edib.
Banco.az xəbər verir ki, ABŞ administrasiyası federal hökumət üzrə süni intellekt infrastrukturu və digər texnologiya layihələri üzərində çalışacaq, təxminən min mühəndis və mütəxəssisdən ibarət olacaq “Texnologiya Qüvvəsi (Tech Force)” adlı təşəbbüsü elan edib.
Təşəbbüsün rəsmi internet saytında yer alan açıqlamada bildirilib ki, təxminən min nəfərdən ibarət olacaq Texnologiya Qüvvəsi Ağ Evin dəstəyi ilə Xəzinədarlıq Nazirliyində kritik maliyyə infrastrukturunun idarə olunmasından tutmuş Müdafiə Nazirliyində qabaqcıl texnologiya proqramlarının hazırlanmasına qədər mülki və müdafiə sahələrindəki mürəkkəb və genişmiqyaslı problemlərə fokuslanacaq.
Açıqlamada qeyd olunub ki, iştirakçılar iki illik proqram müddətində birbaşa qurumların ali rəhbərliyinə hesabat verən komandalar şəklində fəaliyyət göstərəcəklər. Həmçinin vurğulanıb ki, iştirakçılar aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində texniki təlim alacaq və sektor liderləri ilə sıx qarşılıqlı əlaqədə olacaqlar. Bununla yanaşı, Texnologiya Qüvvəsi ilə tərəfdaşlıq edən şirkətlərin yüksək vəzifəli rəhbərləri ilə də yaxın təmasda olacaqları diqqətə çatdırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
