Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Demokratları hökumətin bağlanmasının qarşısını almaq üçün Respublikaçılar tərəfindən hazırlanan qanun layihəsini bloklamağa hazırlaşır.
Banco.az xəbər verir ki, ABŞ Senatındakı Demokratların lideri Çak Şumer partiyasının hökumətin bağlanmasının qarşısını almaq üçün Respublikaçılar tərəfindən hazırlanan xərcləmə qanun layihəsini bloklayacağını bildirib və Respublikaçıları bunun əvəzinə hökumətə 11 aprel tarixinədək maliyyə təmin edəcək Demokratların hazırladığı planı qəbul etməyə çağırıb.
Şumerin bu açıqlaması maliyyə bazarlarının yeni xəbərlərə – xüsusilə də ABŞ prezidenti Donald Trampın tariflərlə bağlı bəyanatlarına – son dərəcə həssas olduğu bir dövrdə federal ödənişlərin həyata keçirilə bilməyəcəyi ilə bağlı narahatlıqları artırıb.
Bununla belə, Şumerin bu hədəsini həyata keçirmək üçün mülayim Demokratların kifayət qədər dəstəyini toplayıb-toplaya bilməyəcəyi hələlik məlum deyil.
Senatın Çoxluq Lideri Con Tun isə Demokratların Nümayəndələr Palatasında Respublikaçıların səs çoxluğu ilə qəbul etdiyi qanun layihəsini təsdiqləmələri halında qısamüddətli bir xərcləmə qanun layihəsinin səsverməyə çıxarılmasına açıq olduğunu bildirib.
Tun, “Nəhayət, biz hökuməti maliyyələşdirmək istəyirik. Ümid edirəm ki, onlar da bunu istəyir” deyə əlavə edib.
Senatda prosedur maneələri aşmaq üçün 60 səs tələb olunur, lakin Respublikaçıların məclisdə cəmi 53 senatoru var.
Demokratların ən fəal üzvləri ABŞ prezidenti Donald Tramp və İlon Maskın federal qurumları ləğv etmə və dövlət qulluqçularının sayını azaltma cəhdlərinin qarşısını almağa çalışır. Bununla belə, mülayim Demokratların əksəriyyəti gözləməyi və Trampın iqtisadi məsələlərdə uğursuz olmasına müdaxilə etmədən şərait yaratmağı üstün tutur.
Digər tərəfdən, hökumətin bağlanmasının ABŞ iqtisadiyyatındakı problemlərin bir qisminin Demokratların üzərinə yüklənməsi ilə nəticələnə biləcəyi ehtimalları irəli sürülür.
Bizi sosial şəbəkələrdən izləyin!!