ABŞ-da ipoteka faizləri ötən ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb | Banco.az

ABŞ-da ipoteka faizləri ötən ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İpoteka Bankaları Assosiasiyası (MBA) 5 sentyabrda başa çatan həftəyə dair ipoteka məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, bununla bağlı məlumata görə, ötən həftə ipoteka müraciətləri əvvəlki həftə ilə müqayisədə 9,2% artıb.

Həmin dövrdə mənzil almağa istiqamətlənmiş müraciətlər 7%, yenidən maliyyələşdirmə müraciətləri isə 12% yüksəlib.

Ölkədə 30 il müddətli ipoteka üçün orta faiz dərəcəsi ötən həftə 6,64%-dən 6,49%-ə enib.

Eyni dövrdə 15 il müddətli ipoteka üçün orta faiz dərəcəsi də 5,84%-dən 5,70%-ə düşüb.

MBA-nın vitse-prezidenti Coel Kan bildirib ki, ipoteka faiz dərəcələri əmək bazarının zəiflədiyinə işarə edən göstəricilər və istiqraz faizlərinin azalması nəticəsində ardıcıl ikinci həftədir ki, eniş göstərir.

O, 30 il müddətli ipoteka üçün orta faiz dərəcəsinin son iki həftədə 20 baza bəndi azaldığını və bu göstəricinin 2024-cü ilin oktyabrından bəri qeydə alınan ən aşağı səviyyəyə düşdüyünü vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram