Tamara Mustafayeva, Banco.az
Yeni il yaxınlaşdıqca hər kəs bayram alış-verişinə hazırlaşır. Düzdür, bayram qabağı alış-veriş mərkəzlərinin, böyük supermarketlərin qarşısında izdiham yaşanacağı heç kəsə sirr deyil, ancaq çox güman ki, pandemiya səbəbilə yeni qazandığımız onlayn alış-veriş vərdişinə bu ərəfədə də sadiq qalanlarımız olacaq. Odur ki, biz də bugünkü məqaləmizdə yeni il üçün onlayn alış-veriş platformalarına müraciət edəcək insanların diqqətinə bir neçə vacib məqamı çatdırmaq istəyirik. Xüsusilə də, əksər alış-veriş saytlarının bayram münasibətilə endirim kampaniyaları tətbiq etdiyi bu günlərdə mağaza-mağaza gəzmək istəməyənlər, ancaq aldanmaqdan da ehtiyat edənlərin məqaləni diqqətlə oxumağını tövsiyə edirik.
Həmçinin oxu: Bankların Yeni il kampaniyaları - 2022
E-mail vasitəsilə gələn saxta sifariş səhifələrinə diqqətlə yanaşın!
Kiber cinayətkarlar istifadəçilərə, xüsusilə hər kəsin marağına səbəb olan məhsullar üçün saxta kampaniyalar təklif edilən maillər göndərirlər. Bu maillərdə qeyd edilən link–lərə daxil olaraq alış-veriş edən insanların plastik kartlarının bütün məlumatları internet dələduzları tərəfindən ələ keçirilir.
Bəs nə etmək lazımdır? İstifadəçilər gələn e-mailləri təhlükəsizlik proqramları vasitəsilə yoxlamalı və şübhəli mənbədən gəldiyini düşündükləri təqdirdə etibar etməməlidirlər.
Münasib qiymətə məhsul almaq üçün axtarış sistemlərindən istifadə etməyin
Veb təhdidlər axtarış sistemlərində tez-tez ilk sıralarda qarşınıza çıxa bilir. Pis niyyətli insanlar tərəfindən hazırlanan populyar alış-veriş saytlarının saxta versiyaları axtarış sistemlərinin çıxardığı ilk seçimlər arasında ola bilir. Bu saytlardan alış-veriş edən insanlar isə plastik kartlarının məlumatlarını özləri birbaşa internet dələduzlarına verirlər.
Bəs nə etmək lazımdır? Etibarlı və əvvəlcədən alış-veriş etdiyiniz onlayn alış-veriş saytlarının veb ünvanlarını axtarış sisteminə birbaşa yazaraq daxil olun. Bununla da axtarış sistemlərinin sizi yönləndirməsi ilə deyil, öz yazdığınız ünvana daxil olacaqsınız.
Endirim real görünmürsə, inanmayın
Yarı-yarıya endirim kampaniyaları və həddindən artıq qiymətlərin aşağı düşməsi sizi bir neçə dəfə düşünməyə vadar etməlidir. Çünki kiber cinayətkarlar bu üsulu xüsusilə sevirlər.
Bəs nə etmək lazımdır? İnternetdə qarşılaşdığınız real olmayan endirimlər haqqında əlaqədar firmaya bildirərək bunun doğru olub olmadığını araşdıra bilərsiniz.
Mobil cihazlardan alış-veriş edərkən diqqətli olun
Əgər onlayn alış-verişə həddindən artıq çox üstünlük verirsinizsə və bu alış-verişləri mobil cihazlar vasitəsilə həyata keçirirsinizsə, mütləq etibarlı saytların mobil tətbiqlərindən istifadə edin. Çünki mobil görünüşə malik veb saytların saxta versiyalarını hazırlamaq dələduzlar üçün olduqca asan, istifadəçilər üçün isə bunu ayırd etmək bir o qədər çətindir.
Bəs nə etmək lazımdır? Tanınmış alış-veriş saytlarının etibarlı mobil tətbiqlərindən istifadə edin. Mobil cihazınızı mütləq təhlükəsizlik proqramı vasitəsilə etibarlı hala gətirin.
Təhlükəsizlik proqramlarından istifadə edin
Tez-tez yenilənən təhlükəsizlik proqramı istifadəçilərin saxta saytlara daxil olmasına mane olacaq və təhdidlərdən qoruyacaq. Mobil cihazları da qoruyan təhlükəsizlik proqramlarının seçilməsi daha məqsədə uyğun hesab edilir.
Həmçinin oxu: Mütləq izləmək istəyəcəyiniz ən yaxşı YENİ İL FİLMLƏRİ
Bizi sosial şəbəkələrdən izləyin!!