Yaxın Şərqdə müharibə qlobal aviasiyanı silkələdi – 23 min uçuş ləğv edildi | Banco.az

Yaxın Şərqdə müharibə qlobal aviasiyanı silkələdi – 23 min uçuş ləğv edildi

Müəllif:Mehin Qasımova,Banco.az

Yaxın Şərqdə ABŞ–İsrail–İran xəttində artan hərbi gərginlik qlobal aviasiya sənayesində ciddi böhrana səbəb olub.

Banco.az xəbər verir ki, regionda hava məkanlarının bağlanması nəticəsində on minlərlə uçuş ləğv edilib, milyonlarla sərnişin üçün planlaşdırılan səfərlər yarımçıq qalıb.

Məlumata görə, 28 fevraldan bəri planlaşdırılan təxminən 36 min uçuşun yarıdan çoxu – 23 minə yaxını ləğv olunub. 

Böhranın təsiri xüsusilə regionun əsas hava daşıyıcılarında hiss olunur.

"Emirates" Dubaya və Dubaydan uçuşların şənbə gününə qədər dayandırıldığını açıqlayıb. Şirkət münaqişə başlayandan bəri 2000-dən çox reysi ləğv etmək məcburiyyətində qalıb.

"Qatar Airways" də Dohadakı əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırıb. Bununla belə, şirkət Avropanın əsas şəhərlərinə – London, Berlin və Amsterdam istiqamətlərində məhdud sayda təxliyə uçuşları təşkil edəcəyini bildirib.

Avropanın ən böyük aviasiya qruplarından biri olan "Lufthansa Group" isə 8 mart tarixinə qədər Təl-Əviv, Beyrut, Amman və Ərbilə uçuşları dayandırıb. Şirkət həmçinin İsrail, Livan, İordaniya, İraq, Qətər və İranın hava məkanından istifadə etməyəcəyini açıqlayıb.

"British Airways" də Əbu-Dabi, Amman, Bəhreyn və Doha kimi əsas marşrutlar üzrə uçuşları müvəqqəti olaraq dayandırıb.

Uçuşların kütləvi şəkildə dayandırılması aviasiya sektorunda yüz milyonlarla dollar itkiyə səbəb olur. Çin Ticarət Palatasının məlumatına görə, Çinli turistlərin yalnız Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan 77 min səfərinin ləğvi təxminən 170 milyon dollar gəlir itkisi yaradıb.

Bu arada Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Nazirliyi regionda uçuşların qismən bərpası üçün saatda 48 reysə imkan verəcək “təhlükəsiz hava dəhlizləri” üzərində işləyir.

Regionda fəaliyyət göstərən aviaşirkətlər sərnişinlərin təxliyəsi və daşınması üçün alternativ planlar hazırlayır. 

Hazırda bir çox sərnişin səyahətlərini davam etdirmək üçün Səudiyyə Ərəbistanı və Oman hava limanlarına daha uzun və bahalı marşrutlarla çatmağa məcbur qalır.

Uçuş izləmə platforması Flightradar24-ün məlumatına görə, İran, İraq, Suriya və İsrail üzərində hava məkanı tam bağlanıb. İordaniya gecə saatlarında hava məkanını bağlayır, Səudiyyə Ərəbistanı isə İraqla sərhəd boyunca qismən məhdudiyyətlər tətbiq edir.

Mütəxəssislərin fikrincə, bu vəziyyət Avropa ilə Asiya arasında əsas tranzit hava yollarını iflic edir, uçuş müddətini uzadır və yanacaq xərclərini ciddi şəkildə artırır. Bu isə qlobal aviasiya bazarında yeni qiymət artımlarına və uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.