“Yapı Kredi Bank Azərbaycan” QSC 2026-cı ilin birinci rübünü 1.4 milyon manat mənfəətlə başa vurub | Banco.az

“Yapı Kredi Bank Azərbaycan” QSC 2026-cı ilin birinci rübünü 1.4 milyon manat mənfəətlə başa vurub

Yapı Kredi Bank Azərbaycan 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən rübü uğurla başa vuran bankın 2026-cı ilin birinci rübünün sonuna xalis mənfəəti 1.4 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 36% artaraq 15.7 milyon manat, qeyri-faiz gəlirləri isə 5% azalaraq 6.1 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 10.1 milyon manat olub.

Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində öz əksini tapıb. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 4% artaraq 487.8 milyon manat təşkil edib; biznes kreditləri portfeli 331.1 milyon manat, istehlak kreditləri portfeli isə 95.4 milyon manat olub. Daşınmaz əmlak kreditləri 61.3 milyon manat təşkil edib.

Bankın depozit portfeli 503 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 409 milyon manat, fiziki şəxslərin depozitləri isə 94 milyon manat təşkil edib.

2026-cı ilin birinci rübünün yekunlarına dair göstəricilərə əsasən, Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımi səviyyədə yerinə yetirib. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 14.5%, məcmu kapitalının adekvatlıq əmsalı isə 15.9% olub.

Bankın tutulmalardan sonra məcmu kapitalı 107 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC, Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444), eləcə də internet və mobil bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmətlər təqdim edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram