Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu il Azərbaycanda bəzi universitetlərdə təhsil haqqı artıb. Bəzi ixtisaslarda qiymətlərin yüksəlməsi, bəzilərində isə azalması bu fərqin səbəbləri ilə bağlı suallar yaradır. Təhsil haqlarının formalaşmasına həm iqtisadi proseslər, həm də universitetlərin maliyyə və idarəetmə modeli təsir göstərə bilər. Bəs bu dəyişikliklərin arxasında hansı əsas amillər dayanır?
Mövzu üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Banco.az-a açıqlama verib.
Ekspert Azərbaycanın ali təhsil məkanında, xüsusilə cari ildə müşahidə olunan bəzi qiymət artımları və eyni zamanda Tibb Universitetinin bir neçə ixtisaslarında baş verən korrektələr, yəni azalmalar fonunda bütövlükdə akademik və makroiqtisadi prizmadan əsas səbəblərdən danışıb:
"Birinci, bu, makroiqtisadi və inflyasiya təzyiqləridir ki, ali təhsil müəssisələri müstəqil təsərrüfat subyektləri olduğu üçün qlobal və milli iqtisadi trendlərdən birbaşa asılı olurlar.
Universitetlərin xərclərinin təxminən 60–70%-i professor-müəllim heyətinin və inzibati heyətin əməkhaqlarına ayrılır. Ölkədə minimum əməkhaqqının və ümumi yaşayış minimumunun artması, eyni zamanda inflyasiya təzyiqləri ali təhsil müəssisələrini rəqabətli kadrları saxlamaq üçün maaşları artırmağa məcbur edir. Doğrusu, mən bilmirəm universitetlərimizdə nə qədər artım olub, amma hər halda onların arqumentlərindən biri budur. Eyni zamanda enerji daşıyıcıları, işıq, su, internet və logistik xidmətlərin qiymət artımı universitetlərin təsərrüfat xərclərini əhəmiyyətli dərəcədə yüksəldir".
İ. Orucov bildirib ki, müasir rəqəmsal təminatlar, laboratoriya avadanlıqları və rəqəmsal infrastrukturlar əksər hallarda xarici valyuta ilə idxal olunduğundan, qlobal inflyasiya birbaşa təsir edir, bütövlükdə maya dəyərinə təsir göstərir:
.jpeg)
"Eyni zamanda təhsil bazarı rəqabətli bazar qanunlarına tabedir. Universitetlər qiymət siyasətini formalaşdırarkən adətən özlərinin bütövlükdə təhsil haqları hesabına daha çox bunu təmin etməyi düşünürlər.
Dövlət sifarişi yerlərinin sayının artması fonunda universitetlər ödənişli əsaslarla qəbul planını doldurmaq üçün bütövlükdə həm də birbaşa qiymət artımına gedirlər və yüksək reytinqli ixtisaslara tələb təklifi üstələdiyindən qiymət artımı baş verir.
Tibb Universitetinin bəzi fakültələrində qiymətlərin optimallaşdırılması və ya azalması birbaşa həm də bundan qaynaqlanır. Əgər müvafiq ixtisasa tələb aşağı düşürsə və plan yerləri boş qalırsa, universitet təklif etdiyi xidmətin qiymətini aşağı salaraq tələbi stimullaşdırmaq məcburiyyətində qalır.
Bütövlükdə Azərbaycanda ali təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsi onların maliyyə idarəetməsində yeni mərhələ açmışdır və publik hüquqi şəxs statusu universitetlərin dövlət büdcəsindən birbaşa asılılığını azaldır və onları özünün maliyyələşmə modelinə keçməyə vadar edir. Universitet kommersiya qurumu deyil, təbii ki, o, kommersiya qurumu olaraq mənfəət götürməsə də, öz fəaliyyətinin davamlılığını təmin etmək üçün gəlir mənbələrini, əsasən də təhsil haqlarını optimallaşdırır".
Ekspertin sözlərinə görə, eyni zamanda universitetlər beynəlxalq reytinqlərdə irəliləmək üçün akademik tədqiqatlara, məqalə dərc olunmasına, daxili qrantlara vəsait ayırmalıdır: "Bu elmi-tədqiqat xərcləri birbaşa təhsil haqlarından daxil olan gəlir hesabına maliyyələşdirilir.
Müasir dövrdə eyni zamanda diplomların tanınması və beynəlxalq mühitə inteqrasiya məcburi trendə çevrilib. Xarici agentliklər tərəfindən proqramların akkreditasiyası, əlbəttə ki, böyük vəsait hesabına başa gəlir. Eyni zamanda beynəlxalq standartlara cavab vermək üçün tələbə-müəllim nisbəti optimallaşdırılmalıdır. Bu isə o deməkdir ki, eyni sayda tələbəyə daha çox pedaqoji heyət tədrisə cəlb edilməlidir. Qruplar kiçildilməlidir və bu da təhsilin vahid maya dəyərini artırır.
Açıq deyim, mən universitetlərin birbaşa olaraq gəlirlərini tələbənin ödənişi hesabına reallaşdırmasına yanaşmanı düzgün hesab etmirəm. Düşünürəm ki, universitetlər digər mənbələrdən də ödənişlər əldə etmək imkanına malik olmalıdırlar və onların bu istiqamətdə strategiyaları düzgün qurulmalıdır.
Universitetlərin sənaye ilə əməkdaşlığı, bütövlükdə sifarişlər yerinə yetirmək, beynəlxalq elmi qrant layihələrində iştirak etmək və beynəlxalq elmi qrantları cəlb etmək buna bağlı doğru yanaşmaları olmalıdır.
Və bu da düşünürəm ki, universitetlərin muxtariyyətinin genişləndirilməsindən keçir. Bu baxımdan hesab edirəm ki, bizim xeyli görməli olduğumuz işlər var və təbii ki, universitetlər düşünməli və real planlar ortaya qoyaraq ona doğru hərəkət etməlidirlər".
Bizi sosial şəbəkələrdən izləyin!!
